Mayın 5-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Şuşam mənim, incim mənim” adlı tədbir keçirildi. Muzeyin kütləvi işlər şöbəsinin müdiri Aygün Bayramova tədbir barədə məlumat verdi. Sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyin Şuşa filialının direktoru Xalidə Bəkirova muzeyin tarixindən danışdı. Erməni qüvvələrinin Şuşaya hücumu zamanı muzey əməkdaşlarının fədakar əməyi sayəsində 246 ədəd eksponatdan 183-nün çıxarıldığını, onların hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində nümayiş olunduğunu qeyd etdi.
   Tədbirdə Gənc Tamaşaçılar Teatrının repertuarından Qarabağ mövzusunda yeni səhnələşdirilmiş yazıçı-publisist Vaqif Əlixanlının “Əcəl atı” tamaşasından parça təqdim olundu, Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Liseyi şagirdlərinin ifasında “Bülbül və qızılgül” tamaşası göstərildi. Şuşa şəhərinin gözəlliklərini əks etdirən CD nümayiş olundu.
   Ceyhun