Mayın 11-də Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatları təqdim etdi.
      
   Tədbirdə giriş sözü ilə çıxış edən nazir Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan dövləti tərəfindən mədəniyyətimizə daim diqqət göstərilir və bu yolda fədakarlıq göstərən insanların əməyi qiymətləndirilir: «Yaradıcı insanların əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi ənənəsi böyük öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan cəmiyyətində mədəniyyətin inkişafı sahəsində aparılan işlərə böyük maraq var. Ölkə prezidentinin mədəniyyətə böyük dəstəyi bu sahədə aparılan işlərin daha da güclənməsinə zəmin yaradır. Sevindirici haldır ki, bu gün Azərbaycan incəsənət xadimləri Azərbaycan mədəniyyətinə öz töhfələrini verirlər”.
   Mədəniyyət və incəsənət xadimlərinin əməyinə verilən qiymətin onların yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini deyən nazir son vaxtlar həyata keçirilən iri mədəniyyət layihələrində Heydər Əliyev Fondunun mühüm rol oynadığını vurğuladı: “Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. Təkcə may ayı ərzində Azərbaycanın nümayəndə heyətlərinin bir neçə ölkədə mühüm mədəniyyət tədbirlərində iştirakı nəzərdə tutulub. Bu günlərdə ABŞ-ın bir neçə şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Daha sonra Küveytdə, Rusiyada, Çində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bütün bu tədbirlər Azərbaycan mədəniyyətini təbliğ edir, ölkəmizin mədəni irsi dünyada tanınır”.
   Nazir Əbülfəs Qarayev qeyd etdi ki, mədəniyyət və incəsənət xadimlərinin ölkə prezidenti tərəfindən təltif olunması dövlətin bu şəxslərə verdiyi yüksək qiymətin ifadəsidir. Sonra nazir mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim etdi. Ölkə prezidentinin 2010-cu ildə imzaladığı sərəncamlara əsasən təltif olunmuş rejissor, Xalq artisti Eldar Quliyevə «Şərəf» ordeni, Xalq artisti Tofiq Bakıxanova Prezidentin Fəxri diplomu təqdim edildi. Tofiq Bakıxanov bu təltifə görə öz təşəkkürünü bildirdi və bunu həyatının böyük uğuru olduğunu dilə gətirdi. Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası Aleksandra Nikuşinaya «Xalq artisti», Elmira Aslanova, Naina İbrahimova, Ömür Nağıyev, Yelena Spitsinaya «Əməkdar artist» fəxri adlarının medalları təqdim olundu. Aleksandra Nikuşina bu yüksək adı onun əməyinə verilən böyük qiymət kimi dəyərləndirdi və buna görə prezident İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirdi.
   Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Sevda Məlikovaya və Rus Dram Teatrının əməkdaşı Aleksandr Fyodorova «Əməkdar mədəniyyət işçsi» medalı təqdim olundu.
   Sonra ölkə başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən «Tərəqqi» medalı ilə təltif olunmuş Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Rübabə Ənnağıyeva və Fərrux Məsimova mükafatlar təqdim olundu. Nazirliyin əməkdaşları Zülqədər Cəfərova, Tahirə Əliyevaya, Gülnarə İbrahimovaya və Olqa Qaloçkinaya isə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı təqdim edildi.

 Mehparə