Mayın 22-də Qəbələdə, “Qafqaz Riverside” hotelində böyük qazax şairi, yazıçı, alim, dövlət xadimi Oljas Süleymenovun 75 illik yubileyi və onun “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təntənəli gecə keçirilib. Milli Məclisin deputatı Elmira Axundova tədbiri giriş sözü ilə açaraq, yubilyarı təbrik edib: “Oljas Süleymenova Azərbaycanda böyük ehtiram bəsləyirlər. Sovet dövründə də belə olub, müstəqil Azərbaycanda da belədir. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə Oljas Süleymenov haqqında deyirdi: “Oljas təkcə qazaxlara deyil, bütün türklərə lazımdır”. E.Axundova Azərbaycanın ağır günlərində, 1990-cı ilin 20 Yanvarında O.Süleymenovun xalqımızın yanında olduğunu, onun haqq işinə dəstək verdiyini xatırladıb.
Qeyd olunub ki, O.Süleymenov 2006-cı ildə Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib. Bu günlərdə isə o, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanın daha bir yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif olunub.
Yüksək təltifə görə Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirən O.Süleymenov deyib: “Bu orden mənim üçün böyük mükafatdır, çünki mən dostluq anlayışının özünü hər şeydən uca tuturam. Mən bütün Azərbaycan xalqına, Azərbaycan prezidentinə çox minnətdaram. Azərbaycanla dostluğum 1975-ci ildən başlayır. O vaxt Azərbaycan tələbələri və oxucuları ilə görüşmüş, Heydər Əliyevlə tanış olmuşdum. Bizim dostluğumuz onun ömrünün son günlərinədək davam etdi. Bu dostluğu indi də öz qəlbimdə daşıyıram”.
Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Xalq şairi Vaqif Səmədoğlu, Milli Məclisin deputatı Nizami Cəfərov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və digər ziyalılar yubilyarı təbrik edərək Azərbaycan və qazax xalqları arasında dostluğun möhkəmlənməsində Oljas Süleymenovun böyük xidmətlərini vurğulayıblar.