Qaliblər sırasında Mədəniyyət və Turizm Nazirliyinin GoMap.az turizm naviqasiya portalı da var
Mayın 24-də Dövlət Rus Dram Teatrında keçirilən mərasimdə internet və informasiya texnologiyaları üzrə ilk peşəkar milli internet mükafatı olan “NETTY” mükafatının 2011-ci il üzrə qalibləri elan edildi.
İnternet şəbəkəsində milli seqmentin inkişafına dəstək məqsədilə təsis edilən mükafat 2005-ci ildən təqdim olunur. NETTY milli internet mükafatı Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstəklənir.
Mart ayından qeydiyyatı başlayan builki müsabiqəyə 425 veb sayt təqdim edilib. 147 onlayn münsif heyətinin səsverməsindən sonra 286 sayt müsabiqəyə buraxılıb.
Qeyd edək ki, “NETTY” müsabiqəsində 12 nominasiya üzrə qaliblər təyin olunur. Budəfəki təqdimatda nominasiyadan kənar bir neçə sayt, o cümlədən turizm sahəsində xinaliq.az saytı mükafatlandırıldı. Mükafatı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov təqdim etdi. Mədəniyyət və incəsənət nominasiyası üzrə mükafatı isə nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov təqdim etdi.
Qeyd edək ki, “NETTY 2011” milli internet mükafatının qalibləri sırasında Mədəniyyət və Turizm Nazirliyinin turizm naviqasiya portalı - GoMap.az da var.
Beləliklə, “NETTY 2011”-in qalibləri bunlardır:
Dövlət saytı - cbar.az (Mərkəzi Bankın saytı); korporativ sayt - yarpaq.az; elm və təhsil - xaricdetehsil.org; mədəniyyət və incəsənət - shamsi.musigi-dunya.az (Musiqi dünyası” jurnalının Şəmsi Bədəlbəyliyə həsr olunmuş saytı); informasiya və xəbərlər - fotoqraf.org; servis saytlar - weblist.az; əyləncə - azeritube.az; idman - ecosport.az; Azərbaycan - GoMap.az; Şəxsi sayt - natavanqasimova.az (volleybolçu Natəvan Qasımovanın saytı); cəmiyyət - ireli.az; elektron kommersiya sahəsində ən yaxşı sayt - alinino.az; turizm - xinaliq.az.
Reyhan