Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, Mexikoda “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb. Yarmarka Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin öz ölkələrinin mədəniyyətini təbliğ etməsi üçün Mexiko şəhərinin rəhbərliyi tərəfindən təşkil edilib. İki həftə davam edəcək ənənəvi mədəniyyət yarmarkasında ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan səfirliyi də təmsil olunur.
   Mexikonun mərkəzi “Reforma” prospektində təşkil olunan yarmarkada Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqqında məlumatlarla yanaşı, Qarabağ məsələsi barədə çap və elektron materiallar nümayiş etdirilir. Üzərində ispan dilində “Qarabağ, Azərbaycan”, “Azərbaycan-Odlar diyarı” yazılmış köynəklər, idman papaqları, bilərziklər, fincanlar, divar saatları və digər əşyalar, habelə müxtəlif milli şirniyyat növləri ziyarətçilərə təqdim olunur. Azərbaycanın milli musiqisi, rəqsləri, habelə ölkəmizdə turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş etdirilir.
   Ziyarətçilər tərəfindən Azərbaycan guşəsinə böyük maraq var.