28 May - Respublika Günü respublikamızın bir çox mədəniyyət ocaqlarında çeşidli tədbirlər, konsert proqramları ilə qeyd olundu. Belə konsertlərdən biri də Türkan qəsəbəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən yeni Mədəniyyət Mərkəzində gerçəkləşdi. Mədəniyyət mərkəzində Milli Konservatoriyanın baş müəllimi, kamança ifaçısı Fəridə Məlikovanın rəhbərlik etdiyi Hacı Məmmədov adına muğam üçlüyü maraqlı konsert proqramı ilə çıxış etdi.
   «Muğam gecəsi» adlı konsertdə tarzən Ramiz Həsənov, kanonda Aysu Sadıqova və başqalarının çıxışları oldu. Solistlərdən Ağasəfər Qəniyev, Ehtiram Əliyev, İsmət Eyvazoğlu, təbrizli Dəryahi Əbülfəz, Ayşən Mehdiyeva, İnci Qədirxanlı və digərlərinin ifasında «Mahur» təsnifi, «Şur» dəsgahı, «Azərbaycan» mahnısı, «Qarabağ şikəstəsi» səsləndirildi.
   Muğam üçlüyünün rəhbəri F.Məlikova bildirdi ki, Türkan Mədəniyyət Mərkəzində ikinci dəfədir çıxış edirlər: «Bir müddət əvvəl burada çıxışımız oldu və çox uğurlu alındı. Ona görə də Türkan Mədəniyyət Mərkəzində daha bir konsert verməyi qərara aldıq. Hacı Məmmədov adına muğam üçlüyü ilk dəfə Üzeyir Hacıbəylinin ev-muzeyində çıxış edib».
   Qeyd edək ki, Fəridə Məlikova vaxtilə Xalq artisti Səkinə İsmayılova ilə birlikdə Azərbaycanda ilk dəfə qadın ifaçılardan ibarət muğam üçlüyü yaratmışdı. Hazırda «Azərbaycan inciləri» qrupunun bədii rəhbəridir. Müxtəlif musiqi festivallarına dəvət alan qrup TRT-AVAZ kanalının açılışında da çıxış edib.
   
   Gülər