Mayın 30-da Şövkət Ələkbərova adına Uşaq Musiqi Məktəbi 28 May - Respublika Günü və 1 iyun - “Beynəlxalq uşaqları müdafiə günü” münasibətilə Mərdəkanda yerləşən müalicə pansionatında xeyriyyə konserti ilə çıxış etdi. Məktəbin direktoru Sevda Məmmədova bu cür xeyriyyə konsertlərinin məktəb tərəfindən tez-tez təşkil olunduğunu bildirdi.
   Müalicə pansionatının baş həkimi Hümmət Dadaşov isə buranın yaşlı sakinləri üçün mənəvi istirahətin önəmli olduğunu dedi: “Bu pansionatda qocalar və əlillər yaşayır, müalicə olunurlar. Onların asudə vaxtlarının maraqlı keçməsi üçün bu cür konsert proqramlarının, görüşlərin keçirilməsini yüksək qiymətləndiririk. 20 saylı uşaq musiqi məktəbinin təşkil etdiyi proqram da buranın sakinlərinin ürəyincə oldu”.
   Pansionatda 100-dək yaşlı insan yaşayır və müalicə alır. Uşaq-musiqi məktəbinin şagirdləri tərəfindən “Qatar muğamı”, “Aldatmayaq bir-birimizi”, “Sarı gəlin”, “İntizar” mahnıları, “İnnabı”, “Uzundərə” və s. xalq rəqsləri ifa olundu. Tədbirdə məktəbin müəllim heyəti də çıxış etdi. Salman Əzizov, Rüstəm Rüstəmov, Səlim Nəsirli, Nazimgül Cavadova və digər müəllimlər şagirdləri müşayiət edərək tədbirin maraqlı keçməsində əllərindən gələni əsirgəmədilər.  

 Reyhan