Mayın 31-də Abşeron Rəsm Qalereyasında 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Abşeron övladları” klubu üzvlərinin fərdi sərgisinin açılışı və www.absheronchildren.com internet saytının təqdimat mərasimi keçirilib.
“Abşeron övladları” devizi altında keçirilən sərgidə 21 balaca rəssamın 52 qrafika və rəngkarlıq nümunələri təqdim olunur. “Abşeron övladları” klubunun üzvləri beynəlxalq sərgilərdə də müvəffəqiyyətlə çıxış edirlər.
Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov sayt barədə məlumat verərək bildirib ki, saytın yaradılmasının məqsədi Azərbaycanda uşaq yaradıcılığını təbliğ etmək, balaca rəssamları ölkəmizdə və beynəlxalq aləmdə uşaq yaradıcılığı sahəsində baş verən yeniliklər haqqında məlumatlandırmaqdır. Saytdakı materiallar üç dildə - Azərbaycan, ingilis və rus dillərində təqdim olunur.
Sonra balaca rəssamlara fəxri diplomlar verilib. “Abşeron övladları” sərgisi iyunun 6-dək davam edəcək.