Xəbər verdiyimiz kimi, mayın 24-dən 27-dək Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçirilib. İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Çinin Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyidir. Tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
   Mədəniyyət günlərinin açılış mərasimi mayın 24-də Çin Milli Muzeyində keçirilib. Mərasimdə rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti təqdim olunub. Həmin gün axşam Pekin Universitetinin akt zalında Azərbaycan incəsənət ustalarının daha bir konserti olub.
   Mayın 25-də Pekindəki Pu Du məbədində ölkəmizə aid sərgi açılıb.
    Nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə ölkəmizin Çindəki səfirliyinin təşkil etdiyi rəsmi qəbulda da iştirak edib. Qəbulda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yarandığını qeyd edib. Ölkəmizin hazırda bütün sahələrdə sürətlə inkişaf etdiyini diqqətə çatdıran nazir Azərbaycan-Çin əlaqələrinin son illər daha da genişləndiyini bildirib.
   Çin xarici işlər nazirinin müavini Çenq Quoping tədbirdə çıxış edərək, öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.
   Mayın 27-də Azərbaycan Mədəniyyəti Günləri Çinin tarixi liman şəhəri olan Yentayda yekun konsertlə başa çatıb. Yentay Böyük Teatrında baş tutan konsertdə çinli sənətsevərlər Azərbaycan musiqisinə, incəsənətinə böyük maraq göstəriblər. “Odlar Yurdu Azərbaycan” rəqs kompozisiyası ilə başlayan konsertdə klassik musiqimiz, muğamlarımız ifa olunub. Azərbaycan rəqqasları yüksək peşəkarlıqla ifa etdikləri çin rəqsi ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar.
   Üç gün davam edən silsilə tədbirlər nəticəsində çinli sənətsevərlər rəngarəng mədəniyyətə, zəngin ənənələrə malik ölkəmizlə yaxından tanış olmaq imkanı qazanıblar.