Mayın 31-də Dövlət Film Fondunda görkəmli teatr və kino aktrisası, Əməkdar artist Ətayə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirildi. 
   Tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq aktrisanın yaradıcılığı, teatr və kinoda fəaliyyəti barədə söz açdı. Aktrisanın yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən hazırlanmış xatirə çarxı tədbir iştirakçılarına təqdim edildi.
   Sonra yazıçı-publisist, professor Aqşin Babayev Ətayə xanımın yaradıcılığından danışdı: “Ətayə xanım və onun həyat yoldaşı Həsənağa Mirzəyev Azərbaycan mədəniyyətinə, Azərbaycan teatr sənətinə gözəl töhfələr veriblər. Ətayə xanım teatr və kinoda maraqlı obrazlar yaratmaqla bərabər, filmlərin səsləndirilməsində özünəməxsus dəst-xətti ilə seçilib”.
   Xalq artisti Amaliya Pənahova aktrisa haqda xatirələrini bölüşdü: “Böyük sənətkarlar daim yaddaşlarda yaşayırlar. Ətayə xanım öz sənəti ilə bu gün də yaşayır. Mənim səhnəyə gəlməyimdə onun rolu böyükdür. Bu böyük aktrisa ilə tərəf-müqabil olmaq xoşbəxtliyi mənə də qismət olub”.
   Teatrşünas İlham Rəhimli Ətayə Əliyevanın teatr fəaliyyətindən danışdı. Onun müxtəlif tamaşalarda 40-a yaxın ana obrazı yaratdığını bildirdi.
   Daha sonra xalq artistləri Fuad Poladov, Ramiz Məlik və digərləri Ətayə Əliyevanın sənətə olan vurğunluğundan, kinoda yaratdığı obrazlardan söz açdılar.
   Tədbirdə Ətayə Əliyevanın çəkildiyi filmlərdən fraqmentlər də nümayiş olundu.
   
   Reyhan