Mayın 30-31-də Türkiyənin Konya şəhərində Səlcuq Universiteti Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq türk toxuculuq və ənənəvi sənətkarlığı konfransı keçirilib.
   Konfransa Türkiyə, Azərbaycan, İran və digər ölkələrdən etnoqraf, sənətşünas və arxeoloqlar qatılıb. Süleyman Dəmirəl adına Mədəniyyət Mərkəzində keçirilən konfrans iştirakçıları əvvəlcə türk toxuculuq və ənənəvi sənətkarlıq sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif ölkələri təmsil edən 60-a yaxın əl işi nümayiş olunub.
   Respublikamızı konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə elmi heyət təmsil edib. Epiqraf Həbibə Əliyevanın «Azərbaycan xalça və parçalarının xətt nümunələri», etnoqraf Afət Rüstəmbəyovanın «AMEA Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasındakı qələmkar səhnələri», professor Qafar Cəbiyev və «Miras” ictimai birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlillinin «Orta əsr Ağsu şəhər qazıntılarında tekstil və boyaq örnəkləri» və s. məruzələr dinlənilib. Ağsu tədqiqatlarında xarici ölkələrdən, o cümlədən Türkiyə, İtaliya və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə əldə olunmuş nəticələr və bu nəticələri əks etdirən videogörüntülər konfrans iştirakçılarına təqdim olunub. Həmçinin «Xocalı vaxtı», «Tərəkəmə çərşənbəsi» filmlərindən ibarət disklər də konfrans iştirakçılarına hədiyyə edilib.
   Türk xalqlarının toxuculuq və ənənəvi sənətkarlıq nümunələrinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Səlcuq Araşdırmaları Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Akademik N.Vəlixanlının təklifi əsasında 2013-cü ildə IV Beynəlxalq türk toxuculuq və ənənəvi sənətkarlıq konfransının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.
   
   Gülər