Özbəkistanda şagird və tələbələr arasında müsabiqə keçirilib
   
   Ölkəmizin Daşkənddəki səfirliyinin, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Özbəkistanın Ali və Orta İxtisas Təhsili Nazirliyinin və “Kamolot” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” adlı müsabiqə keçirilib. Müsabiqədə Daşkənd, Səmərqənd, Nəvai, Karşi və Əndican şəhərlərinin ali məktəbləri, kollec və liseylərində təhsil alan, müxtəlif xalqların nümayəndələri olan 85 gənc iştirak edib. Müsabiqəyə qoşulanlara “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycan və Özbəkistan: tarixi əlaqələr və perspektivlər”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın tarixi, incəsənəti, mədəniyyəti”, “Azərbaycan xalqı: dil, din və ənənələr” və s. mövzularda inşa yazmaq təklif olunub. Müsabiqə iştirakçılarından 41 nəfəri öz fikirlərini özbək, 40 tələbə rus, 4 gənc isə ingilis dilində yazıb. Müsabiqəyə qoşulanlardan 10 nəfəri qalib adını qazanıb.
   Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov Daşkənddə inşa-yazı müsabiqəsinin qalibləri ilə görüşüb. Qalibləri təbrik edən səfir bildirib ki, bundan sonra belə tədbirlər hər il keçiriləcək.