Görkəmli tarixçi alimə həsr olunmuş sənədli film təqdim olundu
   
   İyunun 9-da AMEA-nın Rəyasət Heyətinin binasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində istehsal olunan “Tarixin izi ilə...Yaqub Mahmudov” sənədli televiziya filminin təqdimat mərasimi keçirildi. Film tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudova həsr olunub. Mərasimdə Milli Məclisin üzvləri, elm adamları iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Yaqub Mahmudovun alim, ziyalı, ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışdı. Qeyd olundu ki, Yaqub Mahmudov Azərbaycan tarix elminin aparıcı simalarındandır. Onun rəhbərliyi altında AMEA-nın Tarix İnstitutunda böyük işlər görülüb, tariximizin daha dəqiq araşdırılması və təbliği istiqamətində mühüm addımlar atılıb, sanballı elmi əsərlər yazılıb.
   Tədbirdə çıxış edən “Mədəniyyət” televiziya kanalının direktor müavini, professor İlham Rəhimli qeyd etdi ki, Yaqub Mahmudov şərəfli bir ömür yolu keçib: “Filmin hazırlanmasında məqsəd bu ömür yoluna çıraq tutmaqdır. Film hazırlanarkən yaradıcı heyət çalışıb ki, onun həyat və fəaliyyəti tamaşaçıya hərtərəfli çatdırılsın”.
   Sonra “Tarixin izi ilə...Yaqub Mahmudov” sənədli televiziya filminə baxış keçirildi. Ekran əsəri böyük maraqla qarşılandı. Portret janrında çəkilən «Tarixin izi ilə...Yaqub Mahmudov» filmində alimin həyatı, elmi və ictimai fəaliyyəti əks olunur. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan da söhbət açılır. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.
   
   Ceyhun