İngilis və ərəb dillərində nəşr edilmiş kitabın təqdimatı keçirildi
   
   İyunun 22-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərində çap olunmuş nəşrlərinin təqdimat mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı gördüyü böyük işlərdən söz açaraq bildirdi ki, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı, qeyri-maddi mədəni irsin, o cümlədən muğamın qorunması, təbliği, onun bəşəriyyətin inciləri siyahısına daxil edilməsi sahəsində böyük işlər gördüyü xüsusi vurğuladı. Natiq qeyd etdi ki, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçasının UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü işlər sayəsində reallığa çevrilib. Natiq onun mədəniyyət və incəsənət sahəsinə göstərdiyi qayğının bu kitabda geniş əks olunduğunu söylədi: “Mehriban xanım Əliyeva öz çoxşaxəli fəaliyyətində mədəniyyətə, mədəni incilərimizə, incəsənətə, tarixi abidələrə çox böyük önəm verir. Onun UNESCO və İSESCO-dakı fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir. Azərbaycanın birinci xanımının mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan “Azərbaycan mədəniyyəti gələcək nəsillərə ərməğandır” kitabında geniş əksini tapmışdır”.
   Təqdimat mərasimində Xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri Tahir Rzayev, Aydın Mirzəzadə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Kəngərli, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunaraq çap edilməsini yüksək qiymətləndirdilər. Bildirdilər ki, sözügedən kitabın nəşri Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirilən növbəti dəyərli layihələrdən biridir.
   8 fəsildən ibarət olan kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsindəki fəaliyyəti əks olunur.
   2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə Azərbaycanın Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə kitab Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunmuşdur. Kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə Mehriban xanımın iştirakı və mədəni əməkdaşlığın inkişafında onun fəaliyyəti öz əksini tapmışdır.
   Kitabın tərtibçilərindən biri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əli Eyvazov Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği sahəsində geniş işlər gördüyünü vurğuladı: “8 fəsildən ibarət kitabda Mehriban xanımın məqalələri, müsahibələri, Heydər Əliyev və Azərbaycan Mədəniyyətinin Dostları fondlarının fəaliyyəti, beynəlxalq aləmdə respublikamızın təbliği sahəsində apardığı görüşlər öz əksini tapıb. 798 səhifədən ibarət olan kitab tirajı hər bir dildə min nüsxədən artıqdır. Oxucular tərəfindən rəğbətlə qarşılanan kitabın gələcəkdə də yeni nəşrləri işıq üzü görəcək. Kitab Azərbaycan mədəniyyətinin bütün ərəb dünyasında təbliği üçün böyük imkanlar açacaqdır”.
   Hər iki kitabda ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin rəhbəri Lalə Kazımova, tərtibçilər isə Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur.
   
   Yeganə