İlk yarımilin yekunları geniş müzakirə olundu
 
  
   İyunun 29-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində ilk yarımilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirildi.
   
   İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk öncə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə ölkə başçısı İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşını təbrik etdi. Sonra nazir İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimova 60 illik yubileyi münasibətilə nazirliyin Fəxri fərmanını təqdim edərək, kollegiyanın gündəliyində müzakirə olunacaq məsələlərlə bağlı məlumat verdi.
   
   Nazirliyin icra etdiyi dövlət proqramları yoxsulluğun azaldılmasına xidmət edir
   
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin ikinci yarımili üçün iş planının təsdiq edilməsi ilə bağlı geniş məruzə edən nazir bildirdi ki, prezident İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)” təsdiq edilməsi haqqında yeni sərəncam imzalanıb. Ölkənin inkişafını təmin edən proqramların siyahısına nazirlik tərəfindən icra olunan proqramlar da daxil edilib. “Burada “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, «Azərbaycan Teatrı 2009- 2019-cu illərdə» Dövlət Proqramı, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası nazirliyin öhdəsinə düşür. Bütün bunlar Azərbaycan Respublikasında yoxsulluğun aradan qaldırılması üçün mübarizədə “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın ayrılmaz hissəsidir. Bu proqramları biz icra edirik. Artıq indi yanaşma yoxsulluğun aradan qaldırılması nöqteyi-nəzərindən baxılmalıdır”.
   Nazir qeyd etdi ki, nazirlik tərəfindən həyata keçirilən dövlət proqramlarının icrasına yenidən nəzər salınmalı, bütün müvafiq şöbələr onun icrası ilə bağlı lazımi arayışlar təqdim etməlidir”. Biz bilməliyik ki, bu proqramların icrası Azərbaycanda yoxsulluğun azaldılmasına nə verir. Bu proqrama əsasən 2011-2015-ci illəri əhatə edən tədbirlər planında mədəniyyət sahəsi ayrıca bənd kimi qeyd olunur. Burada turizmlə, mədəniyyətlə, tarixi abidələrin qorunması ilə və xalq tətbiqi sənətinin qorunması, mədəni turizm obyektlərinin istifadəsi ilə bağlı, tarix və mədəniyyət obyektlərinin ətrafında yaşayan icmaların abidələrin qorunması işinə cəlb olunması və digər bu kimi məsələlər öz əksini tapır. Bu məsələlərin icrası ilə bağlı konkret tədbirlər planı hazırlanmalıdır”.   

   Mədəniyyət günləri keçiriləcək
   
   2011-ci ilin növbəti yarımilində Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçiriləcəyinə diqqət çəkən nazir Əbülfəs Qarayev əvvəlcədən təşkilati işlərə hazırlıq görülməsinin vacibliyini bildirdi: “Avqustda müzakirə olunacaq məsələlər növbəti dörd ayda keçiriləcək beynəlxalq tədbirlərin hazırlığı ilə bağlı olmalıdır. Növbəti yarımildə Üzeyir Hacıbəyli musiqi festivalı, Rostropoviç festivalı, Beynəlxalq caz festivalı keçiriləcək. Qeyd olunan tədbirlərdən əlavə, il ərzində müxtəlif ölkələrdə mədəniyyət günləri olacaq”.
   
   Yay mövsümünün sonunda turizmin real vəziyyəti təhlil olunacaq
   
   Kollegiya iclasında “Turizm ili”ndə görülən işlərə də toxunan Əbülfəs Qarayev ilk dəfə olaraq Azərbaycanın üç təşkilatının Dünya Turizm Təşkilatına üzv olmasını əlamətdar hadisə kimi qiymətləndirdi: “Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzi artıq Dünya Turizm Təşkilatının tədbirlərində iştirak edə, layihələrə qoşula bilər. “Turizm ili”ndə əldə olunan bu uğur çox böyük bir hadisədir”.
   Nazir çıxışında yay mövsümü başa çatdıqdan sonra görüləcək işlərdən də danışdı: “Bu zaman daxili turizmin real vəziyyəti təhlil olunmalıdır. Son vaxtlar turizmin inkişafı ilə bağlı keçirilən tədbirlər KİV-də çox geniş müzakirə olunan mövzudur. Biz indi Azərbaycanda turizmin inkişafı konsepsiyaları haqqında düşünməliyik. “Turizm ili”nin yekunları ilə bağlı sənəd 2012-ci ilin əvvəlində kollegiya iclasında geniş müzakirə olunacaq”.
   Kollegiya iclasında İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Dövlət Rəsm Qalereyasının və Sumqayıt, Qazax, Salyan, Qax Dövlət Rəsm qalereyalarının fəaliyyəti barədə, Elm, təhsil şöbəsinin müdiri Yaşar Əliyev Füzuli, Qubadlı, Şuşa, Zəngilan rayon Uşaq Musiqi və İncəsənət məktəblərində tədris işinin vəziyyəti barədə, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestrinin hazırlanması barədə, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev mədəniyyət sahəsində reklam işinin təşkili haqqında məruzə etdilər. Məruzələrdə ilk yarımildə əldə olunan nailiyyətlər qeyd olundu, nöqsanların həlli yolları barədə müzakirələr aparıldı.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar