Azərbaycanın təklifi iştirakçılar tərəfindən qəbul edilib
   
   İyunun 29-da Moskvada MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonduna təqdim olunmuş layihələrin təhlili və qiymətləndirilməsi ilə bağlı ekspertlər qrupunun iclası keçirilib.
   
   İclasda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.
   Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sədrlik etdiyi iclasda “Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun 2010-cu ildə və 2011-ci ilin birinci yarısında layihə fəaliyyətinin nəticələri haqqında”, “2011-ci ildə təqdim olunmuş əlavə layihələr barədə”, “Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun prioritet istiqamətlərinə dair” və “MDB-də idman və sağlam həyat İlinin məzmun cəhətdən doldurulması haqqında” məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
   Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən və Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun fəaliyyət strategiyasının MDB çərçivəsində humanitar sahələrə aid qəbul olunmuş konsepsiyalar, o cümlədən “MDB iştirakçı dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası” əsasında aparılması barədə təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul edildi. Qeyd edək ki, sözügedən konsepsiya Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.