Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ənənəvi olaraq bölgələrdə səyyar yay kursları təşkil edir. Ötən il ilk dəfə təşkil olunan kursların 4 region və 21 rayon üzrə 429 nəfər dinləyicisi olub.
   
   Yay kurslarına bu il də start verilib. Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata görə, Bərdə şəhərində keçirilən zona kursları artıq uğurla başa çatıb. 8 gün davam edən kurslara Ağdam, Bərdə, Mingəçevir, Laçın, Ağcabədi, Yevlax, Tərtər rayonları üzrə ümumi orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələrinin işçiləri cəlb olunub. Kurslarda iştirak edən 128 dinləyiciyə müvafiq vəsiqələr verilib. Yekun toplantıda kursların təşkilinə dəstək verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq ifadə olunub.
   “Dinləyicilər böyük həvəs və razılıq hissi ilə bu kurslarda iştirak etdilər. Bir tərəfdən nəzəri biliklərini artırdılar, müəyyən qədər də praktiki vərdişlərə yiyələndilər. Çünki kurslarda nəzəri mühazirələrlə yanaşı, təcrübə saatları, seminarlar, müəyyən maraqlı tədbirlərin keçirilməsi, xüsusilə klub müəssisələrinin işçiləri üçün, səhnələrin qurulması üçün plan-proqramlar təşkil etmişdik”, - deyə R.Şabanov bildirib. O qeyd edib ki, kurslar iyul və avqust ayları ərzində davam etdiriləcək.
   Növbəti kurslar iyulun 12-dən 21-dək Gəncədə, iyulun 26-dan avqustun 3-dək Qazaxda, avqustun 9-dan 18-dək Ağdaş rayonunda təşkil olunacaq. Zona kurslarında müxtəlif rayonlardan dəvət olunmuş ümumi orta və qeyri ixtisas təhsilli kitabxana və klub müəssisələri işçiləri iştirak edəcək
   
   Ceyhun