Müxtəlif ölkələrdə Azərbaycanı tanıdan, mədəniyyətimizi, incəsənətimizi uğurla təmsil edən soydaşlarımız mötəbər qurultayda bir araya gəliblər
   
   İyulun 5-də Bakıda, Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı keçirilib. Qurultayın açılışında bildirilib ki, Dünya azərbaycanlılarının III qurultayının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi tədbirin ictimai-siyasi məzmununu daha da zənginləşdirir.
   
   Qeyd edək ki, Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə keçirilib. Qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edib, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı milli diasporumuzun inkişafında yeni mərhələ açıb. Ötən beş ildə müxtəlif ölkələrdə 100-dən çox yeni diaspor təşkilatı yaradılıb.
   III qurultayda 42 ölkədən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edib. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak edir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılıb. Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də var. Bakıda bir araya gələn soydaşlarımız arasında tanınmış mədəniyyət, elm xadimləri, Azərbaycanı dünyada layiqincə tanıdan, təbliğ edən sənət adamları da var.
   Azərbaycan prezidenti İlham Əliyev qurultayda nitq söyləyib. Prezident bildirib ki, 5 il əvvəl 336 Azərbaycan diaspor təşkilatı olduğu halda, bu gün onların sayı 416-ya çatıb: “Diaspor təşkilatları keyfiyyət baxımından da güclənib və öz sözlərini deməyə başlayıb”. Prezident vurğulayıb ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti erməni lobbisinin ölkəmizə qarşı apardığı çirkin kampaniyaya tutarlı cavablar verir.
   Dövlət başçısı çıxışında diaspor təşkilatlarına tövsiyələrini də çatdırıb: “Fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmaları və diplomatik nümayəndəliklər bir olmalıdırlar. Diaspor təşkilatlarının birliyi təmin olunmalıdır. Diaspor təşkilatları və səfirlik komanda şəklində işləməlidir”. Prezident çıxışını “Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır” sözləri ilə bitirib.
   Qurultayın sonunda qətnamə, dünya azərbaycanlılarına müraciət, digər sənədlər qəbul olunub. Azərbaycan prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.    

   * * *
   Diasporun tanınmış simalarına orden və medallar təqdim olunub
   
   Prezident İlham Əliyevin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə bir qrup ictimai xadim xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif olunublar. Dövlət başçısı iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı təltif olunmuş diaspor xadimlərinin bir qrupuna orden və medallar təqdim edib.
   Prezidentin sərəncamı ilə Başar Ali Kemal oğlu Kömür, Eldar Faiq oğlu Əfəndiyev, Ertan Demirtaş, İosif Semyonoviç Şaqal, Mehmet Akkan Suver, Suat Günsel, Vladimir İvanoviç Kolesnikov “Dostluq” ordeninə layiq görülüblər.
   “Tərəqqi” medalına 33 nəfər layiq görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da “Tərəqqi” medalı ilə təltif olunub. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.