“Zəmanəmizin musiqi dünyasının ən parlaq ulduzlarından olan Müslüm Maqomayevlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaq”
   
   İyulun 6-da dünya şöhrətli Azərbaycan musiqiçisi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin Bakıda vaxtilə yaşadığı binada (Fikrət Əmirov, 1) barelyefinin açılışı oldu. Barelyefin müəllifi görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovdur.
   
   Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında barelyefin üzərindən ağ örtük götürüldükdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış etdi. Müslüm Maqomayevin Azərbaycan mədəniyyətini dünyaya tanıdan böyük sənətkar olduğunu vurğuladı: “Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ecazkar səsi heç zaman qulaqlarımızdan getməyəcək və bu səs bizə hər zaman zövq verəcək. Zəmanəmizin musiqi dünyasının ən parlaq ulduzlarından olan Müslüm Maqomayevlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.
   Nazir mərasimin keçirilmə tarixinin də təsadüfi olmadığını dedi. Qeyd olundu ki, 6 iyul Müslüm Maqomayevin ömür-gün yoldaşı, məşhur müğənni, SSRİ Xalq artisti Tamara Sinyavskayanın ad günüdür: “Bu barelyef Tamara xanıma bir hədiyyədir”.
   Mədəniyyət və turizm naziri Bakıda Müslüm Maqomayevin büstünün qoyulacağını da bildirdi. Nazirin sözlərinə görə, Bakıdakı musiqi məktəblərindən birinə dahi musiqiçinin adı verilib və həmin musiqi ocağının qarşısına dahi müğənninin büstü qoyulacaq.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2012-ci ildə böyük sənətkarın 70 illik yubileyinin qeyd ediləcəyini, bu münasibətlə silsilə tədbirlər keçiriləcəyini bildirdi. Bu tədbirlər çərçivəsində Müslüm Maqomayevə həsr olunmuş beynəlxalq musiqi müsabiqəsi təşkil olunacaq.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə müğənninin “Azərbaycan” mahnısını müasir Azərbaycanın simvolu adlandırdı: ”O, unikal səsə malik idi. Müslüm bu gün də bizimlədir, o daim yaşayacaq”.
   Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin uşalıqdan Müslüm Maqomayevin ifasına heyranlığını, onun musiqisinin hər zaman yüksək səviyyə göstəricisi olduğunu vurğuladı. O, böyük musiqiçinin Azərbaycan və Rusiya əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirdi.
   Xalq artisti Xuraman Qasımova da dahi sənətkarın qeyri-adi səsə malik istedad sahibi olduğunu söyləyərək, onu Azərbaycanın fəxri adlandırdı.
   Xalq artisti, kinorejissor Eldar Quliyev Müslüm Maqomayevlə bir binada yaşadığını, onunla qonşu, yaxın dost olduğunu dedi: “Bu gün burda dayanıb nəsə demək mənə çox çətindir. Biz burada Müslümlə qonşu olmaqla bərabər daim yaradıcı fikir mübadilələri etmişik. O, daxilən çox güclü insan idi”.
   Barelyefin müəllifi, Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov böyük musiqiçiyə ehtiramını dilə gətirdi: “Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı”.
   Mərasimin sonunda çıxış edən sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya barelyefin açılmasında zəhməti olan bütün insanlara minnətdarlığını bildirdi: “Mən, bu an hisslərə qapıldım və 1972-ci ildən bəri Müslümlü həyatım gözlərimin önündə canlandı. Müslümün vətənində belə böyük bir sevgi ilə anılması mənə mənəvi güc verir. Çox sevinirəm ki, Müslüm hər zaman böyük hörmətlə anılır. Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaq. Buna görə şəxsən prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq edirəm. Müslümü sevdiyim kimi, Azərbaycanı da sevirəm”.
   
   Reyhan