Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Proqramın həyata keçirilməsi üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən 5 il ərzində görüləcək işlər müəyyənləşdirilib. Tədbirlər planında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq dövlət qurumları ilə birgə həyata keçirəcəyi məsələlər də əksini tapıb.
   
   Tədbirlər planına əsasən, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması məqsədilə Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası birgə Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsini təşkil edəcək.
   Planda elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması məqsədilə gənclər üçün Prezident Mükafatının təsis olunması ilə bağlı təkliflərin təqdim edilməsi, yaradıcı gənclərə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının yaradıcı gənclərin istifadəsinə güzəştli şərtlərlə verilməsi ilə bağlı təkliflərin hazırlanması, istedadlı və yaradıcı gənclərin II respublika toplantısının keçirilməsi nəzərdə tutulur. Həmçinin mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, yay məktəbi, ustad dərsləri, sənətə baxış və digər tədbirlər təşkil olunacaq. Bu tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti dövlət qurumları ilə birgə iştirak edəcək.
   Bundan əlavə, nazirliyin iştirakı ilə gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
   Sənəddə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması əksini tapıb. Gənclərin Azərbaycan haqqında geniş məlumat əldə etməyə həvəsləndirilməsi məqsədilə “Vətəni tanı” ümumrespublika intellektual interaktiv oyunlarının keçirilməsi, vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin hazırlanması, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə sərgi, festival, müsabiqə, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, teatr tamaşalarının hazırlanması, onların rayon və şəhərlərdə nümayişinin təşkil olunması ilə bağlı müvafiq bəndlər də sənəddə yer alıb. Bununla bağlı həyata keçiriləcək layihələrdə də Mədəniyyət və Turizm Nazirliyi iştirak edəcək.
   
   Ceyhun