İyulun 11-dən başlayaraq Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq Quba rayon MKS-nin təşəbbüsü ilə şəhərin mərkəzi meydanında “Mütaliə həftəsi” adlı aksiya keçirilir. Aksiyanın həftənin sonunadək davam etdirilməsi nəzərdə tutulub.
   
   Tədbiri Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanımsona Əkbərova açaraq kitaba, mütaliəyə əhalinin marağının artırılması və bu sahədə kitabxanaların fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov ilk dəfə keçirilən aksiyanın əhəmiyyətindən danışaraq kitabxanaları bu sahədə fəal olmağa, oxuculara daha fərqli və maraqlı informasiya təqdim etməyə çağırıb.
   Aksiyanın keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan marağını artırmaq, mütaliəni təbliğ etməkdir. Tədbirdə təşkil olunmuş “Mütaliə stolu”nda oxucular üçün mütaliə imkanı yaradılıb. Oxucular burada yeni kitablarla, habelə gündəlik dərc olunan qəzetlərlə tanış ola bilərlər. Aksiyada “Yeni oxucuların qeydiyyat stolunda” oxuculara kitabxanaya üzv olmaq imkanı yaradılıb.
   Mütaliə həftəsində rayon MKS-nə yeni daxil olmuş və oxucuların böyük marağına səbəb olacaq kitablar nümayiş etdirilir.
   Tədbirdə “Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyevin layiqli davamçısı”, “Doğma Qarabağım”, “2011-ci il Turizm ilidir”, “Kitabxanalarımız bu gün”, “Müəllif hədiyyəsi”, “Tarixi keçmişdən gələcəyə”, “Müasir Quba yazarları” və s. mövzularda sərgilər nümayiş etdirilir. Mütaliə həftəsində 1000-ə yaxın kitab, 20 adda qəzet, jurnal və xeyli sayda müxtəlif dillərdə çap məhsulları oxuculara təqdim edilir. Aksiyada qubalı yazarlar öz oxucuları ilə görüşərək yaradıcılıq planları haqqında məlumat veriblər, onlara kitablarını hədiyyə ediblər. Tədbirdə Sumqayıt şəhər, Qusar, Ağdaş rayon MKS-lərinin direktorları, kitabxana mütəxəssisləri, habelə rayon ziyalıları, yeniyetmə və gənclər iştirak edirlər.