“Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Xətai rayonundakı 3 saylı Uşaq evində “Uşaqlar və biz” xeyriyyə tədbiri keçirib. Birliyin təmsilçisi Cəfər Mənsiminin verdiyi məlumata görə, layihənin icrasında məqsəd kimsəsiz istedadlı uşaqları üzə çıxarmaq, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına kömək və mənəvi dəstək olmaqdır.
   Tədbir ABŞ-ın ölkəmizdəki səfirliyinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının, “Miras” ictimai birliyinin üzvlərinin və ayrı-ayrı xeyirxah insanların dəstəyi ilə gerçəkləşib.
   Tədbirdə rəssam və ebru mütəxəssisi Vüsal Qaraqaşlı balacalara ebru sənəti haqqında məlumat verib, onları birlikdə rəsm çəkməyə dəvət edib. Uşaqlar birlik üzvləri ilə birlikdə mahnı oxuyub, rəqs ediblər. Tədbirin sonunda azyaşlılara ABŞ-ın ölkəmizdəki səfirliyinin təqdim etdiyi kitablar hədiyyə edilib.

   Ceyhun