Almaniyada yaşayan azərbaycanlı rəssamın əsərinin təqdimatı keçirilib
   
   İyulun 14-də Azərbaycanda Atatürk Mərkəzində Əməkdar rəssam, UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlar İttifaqının və Almaniya Rəssamlar Birliyinin üzvü, “Dünya Xalqlarının İncəsənəti” Beynəlxalq Assosiasiyası mükafatının laureatı Əşrəf Heybətovun “Ulu torpaq” əsərinin təqdimatı olub.
   
   Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, şair Çingiz Əlioğlu və başqaları çıxış edərək fırça ustası Ə.Heybətovun yaradıcılığından söz açıb, onun əsərlərinin dünyanın nüfuzlu vernisajlarda nümayiş etdirildiyini bildiriblər. Qeyd olunub ki, 30 ilə yaxındır ki, Vətəndən uzaqlarda yaşayan rəssam Əşrəf Heybətov bütün varlığı ilə millətinə, kökünə bağlı, xalqına böyük sevgisi olan insandır. Bu, rəssamın yaratdığı bütün əsərlərdə özünü göstərir.
   Sənətkar “Ulu torpaq” əsərində mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini, adət-ənənəsini, tarixi şəxsiyyətlərini, zəngin və rəngarəng təbiətini, tükənməz sərvətlərini çox böyük ustalıqla, özünəməxsus formada tamaşaçıya təqdim edir. Hər bir kəs bu əsərə baxarkən bütövlükdə Azərbaycan xalqının böyüklüyünə, sülhsevərliyinə, vətənpərvərliyinə bir daha şahid olur.
   Ə.Heybətovun əsərləri haqqında geniş söz açan natiqlər rəssamı 60 illik yubileyi münasibətilə təbrik ediblər. Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Bakıya gəldiyini söyləyən Əşrəf Heybətov diqqətə çatdırmışdır ki, bu yeni əsərini 3 aya hazırlayıb. Rəssam harada yaşamasından asılı olmayaraq daim Vətəni Azərbaycan haqqında düşündüyünü və bu əbədi sevgini öz əsərlərində təcəssüm etdirdiyini vurğulayıb. Qeyd edək ki, 60 illik yubileyi ilə əlaqədar Ə.Heybətovun dünyanın bir çox şəhərlərində fərdi sərgiləri açılıb.