Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İsmayıllıda informasiya-kommunikasiya texnologiyalarının inkişafına, bu sahədə prezident İlham Əliyevin müvafiq fərmanının icrasına həsr olunmuş regional seminar keçirilib.
  
   Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda İsmayıllı, Balakən, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qax, Şamaxı, Ağsu və Qobustan rayonlarından müvafiq təşkilatların nümayəndələri iştirak ediblər.
   İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olub, şəhərin mərkəzində ümummilli liderimizin abidəsinin önünə gül dəstələri qoyublar.
   Seminarda Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynov, Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov və başqaları çıxış edərək respublikamızda son illər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, inkişaf etdirilməsi, bu sahədə bölgələrdə mövcud vəziyyət barədə ətraflı məlumat veriblər.
   Seminarda İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin internet saytının, şöbənin nəzdindəki elektron kitabxanaların və digər resursların fəaliyyəti əyani şəkildə nümayiş etdirilib, nəzəri məşğələlər aparılıb. Mədəniyyət və turizm şöbəsinin internet saytında bölgənin turizm potensialını əks etdirən məlumatlar iştirakçıların marağına səbəb olub. Burada rayonun flora və faunası, tarixi-mədəniyyət abidələri, turizm zonaları, istirahət mərkəzləri barədə ətraflı məlumatlar yer alıb.