“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin iyulun 25-də keçirilən yığıncağında qurumun ötənilki və 2011-ci ilin birinci yarısındakı fəaliyyəti nəzərdən keçirilib.
  
   Bu barədə məruzə ilə çıxış edən icmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ötən müddətdə mədəniyyət sahəsində də görülən işlərdən söz açıb.
   Bu ilin ilk yarısında gerçəkləşən tədbirlər sırasında may ayında “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” adlı elmi konfransın keçirilməsi, iyunda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Şuşa musiqi məktəblərinin bir qrup şagirdinin İtaliyaya səfər etməsi qeyd olunub. Məktəbli ansamblı Milan və Roma şəhərlərində “Şuşanın dağları” adı altında konsert proqramı ilə çıxış edib. Mart ayında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin karabakh.az saytı təqdim olunub. Sayt təkcə icma barədə deyil, həm də Qarabağın mədəniyyəti, tarixi haqqında məlumat almaq istəyənlər üçün də zəngin mənbə rolunu oynayacaq.
   Toplantıda icmanın idarə heyətinin üzvləri - AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, Milli Məclisin deputatı Rövşən Rzayev, Xocavənd və Xocalı rayonları icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və Şahmar Usubov müxtəlif təkliflərlə çıxış ediblər. Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin təşkili, diasporla işin canlandırılması, xarici ölkələrdə Qarabağın tarixi, mədəniyyəti ilə bağlı təqdimatların keçirilməsi təklif olunub.