İyulun 29-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət respublika sərgisi açıldı. Sərgi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təşkil olunub.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbərliyi tərəfindən xalq yaradıcılığı ənənələrinin qorunması və təbliğinə böyük önəm verildiyini bildirdi. Qeyd olundu ki, hazırda regionlarda mədəniyyət mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır. Həmin mədəniyyət ocaqlarında həvəskar rəssamlar, xalq tətbiqi sənət ustaları da öz yaradıcılıq imkanlarını inkişaf etdirə biləcəklər.
   Nazir müavini qeyd etdi ki, artıq ənənə halını alan belə sərgilərə ölkə miqyasında böyük maraq və aktivlik müşahidə edilir ki, bu, iştirakçıların sayında da özünü göstərir: “Budəfəki sərginin təşkilində məqsədimiz həvəskar rəssamların, bacarıqlı xalq tətbiqi sənəti ustalarının əsərlərinin üzə çıxarılmasıdır. Sərgiyə təqdim olunan əsərlərin sayı ildən-ilə artır. 2010-cu ildə keçirilən həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının respublika sərgisində 70 müəllifin 300-ə qədər əsəri var idi. Budəfəki sərgidə 100-dən artıq müəllifin 700-ə qədər əsəri nümayiş olunur”.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının uğurla icra olunduğunu qeyd edən S.Məmmədəliyeva vurğuladı ki, bu proqramın icrasında məqsəd qeyri-maddi mədəni irsin qorunması, inkişafı, təbliği, Azərbaycanın xalq sənətkarlığının, qədim ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasıdır. “Bu gün Azərbaycan sənətkarlarının yaratdığı əsərlər müxtəlif dünya ölkələrinin muzeylərini bəzəyir. Sevindirici haldır ki, həvəskar rəssamlar, xalq tətbiqi sənət ustaları da milli mədəni sərvətlərimizin zənginləşməsinə öz töhfələrini verirlər”.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov əl işləri arasında professional sənət əsərlərinin olduğunu qeyd etdi. “Ötən illə müqayisədə həm əl işlərinin sayı, həm də professionallığın artması müsbət haldır. Budəfəki sərgidə gözəl əsərlər var. Bu, bizi çox sevindirir”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov da iştirakçıların sərgiyə böyük maraq göstərdiklərini qeyd etdi. O, mədəni irsin zənginləşməsinə öz töhfələrini verməyə çalışan hər bir sənət ustasına uğurlar arzuladı.
   Sərgi iştirakçılarından Yusif Hacıyev çıxış edərək təşkilatçılara minnətdarlığını bildirdi.
   Çıxışlardan sonra sərgi-müsabiqədə fərqlənən müəlliflərə diplomlar, mükafatlar və fəxri fərmanlar təqdim edildi.
   Sonra sərginin açılışı oldu. Sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı, heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılmışdı. 100-dən çox müəllifin 700-dək əl işinin nümayiş olunduğu sərgi iyulun 30-da başa çatdı.
   
   Ceyhun