Gənclər zəngin mədəniyyətimizlə tanışlıqdan məmnun qaldıqlarını bildiriblər
   
   Avqustun 4-də Azərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü proqramı (Critical Language Scholarship) çərçivəsində Azərbaycan dilini öyrənən bir qrup amerikalı tələbənin kursu bitirməsinə həsr olunmuş mərasim keçirilib. 11 nəfər amerikalı tələbə son iki ayı Bakıda Azərbaycan dilini öyrənməklə keçiriblər. Amerikalı gənclər eyni zamanda Şəki və Gəncə şəhərlərinə, Göygöl rayonuna səfər edərək tarixi-mədəni yerlərlə tanış olublar.
   Tədbirdə çıxış edən ABŞ səfirliyinin mətbuat katibi Kis Bin (Keith Bean) tədris kursunu başa vuran tələbələri təbrik edərək iki ölkə arasında mədəni və humanitar əlaqələrə yeni töhfə verildiyini qeyd edib. Onun sözlərinə görə, bu proqramın məqsədi yalnız gələcəyin liderlərini yetişdirmək deyil, habelə iki xalq arasında ünsiyyəti daha canlı etməkdir.
   Tədbirdə çıxış edən tələbələrin özləri isə Azərbaycanda keçirdikləri vaxtın onların həyat təcrübəsinə yeni töhfə verdiyini etiraf ediblər. Gənclərin sözlərinə gərə, onlar burada yalnız dil öyrənməyib, habelə yeni dostlar qazanıb və bu günə kimi tanımadıqları bir mədəniyyətlə tanış olublar. Daha sonra bəzi amerikalı tələbələr musiqi alətlərində azərbaycanlı bəstəkarların əsərlərindən parçalar ifa ediblər. Onlardan birinin tarda ifa etdiyi mahnı mərasim iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.
   Önəmli Dil Tələbələri proqramı Azərbaycan dili də daxil olmaqla 14 prioritet dil üzrə amerikalı mütəxəssislər yetişdirməyə yönəlib. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.