Gələn il görkəmli bəstəkar və dirijor, SSRİ-nin və Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (1912-1984) anadan olmasının 100 ili tamam olur. Ölkə prezidentinin sərəncamı ilə maestronun yubileyi geniş şəkildə qeyd olunacaq.
   
   Avqustun 3-də Klassik Musiqisevərlər Klubu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə böyük musiqiçinin 100 illik yubileyinə hazırlıqla bağlı “dəyirmi masa” keçirib.
   Bəstəkarların, sənətşünasların, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Prezident İlham Əliyevin “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli sərəncamını diqqətə çatdırıb. Bildirib ki, hazırda sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi özünün tədbirlər planını hazırlayır.
   Görkəmli bəstəkar Arif Məlikov böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Bəstəkar Sərdar Fərəcov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, dirijor Fəxrəddin Kərimov və başqaları Niyazinin Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən danışıblar.
   Rejissor Nəsimi Məmmədoğlunun Niyazinin həyat və yaradıcılığından bəhs edən filmi nümayiş etdirilib.
   Tədbirdə böyük sənətkar Niyazinin xatirəsinə həsr edilmiş musiqi əsərləri ifa olunub.