Virtual fotomüsabiqə başa çatıb

   “İrəli” İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində həyata keçirdiyi “Mənim Azərbaycanım” fotomüsabiqəsi başa çatıb. Avqustun 3-də Müasir İncəsənət Mərkəzində müsabiqənin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib.
   “İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı bildirib ki, müsabiqədə 100-ə yaxın iş təqdim olunub, onlardan 56-sı müsabiqədə iştirak etmək hüququ qazanıb.
   Facebook sosial şəbəkəsində iki həftə davam edən səsvermədə 17 min nəfərdən çox şəxs iştirak edib. “Mənim Azərbaycanım” bu günədək Azərbaycanda keçirilmiş ən böyük virtual müsabiqədir. Ceyhun Osmanlı qalibləri təbrik edərək ilk 10 yerin sahiblərinin hər birinə diplom, ilk 3 yeri tutanlara isə qiymətli hədiyyələr təqdim edib. Müsabiqədə birinci yeri Hüseyn Məmmədov, ikinci yeri Rəfiqə Qasımova, üçüncü yeri Vüqar Qasımzadə tutub.
   Sonda iştirakçıların müsabiqəyə təqdim etdikləri fotoşəkillərdən ibarət sərgiyə baxış olub.