Mahnı müsabiqəsinin rəhbərliyi Bakıda görüşlər keçirib
   
   “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker ölkəmizdə səfərdə olublar. Qonaqlar gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə hazırlıqla bağlı növbəti danışıqlar aparıblar.
   
   Avqustun 11-də qonaqlar İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar. Baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision 2012”-nin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələləri müzakirə olunub. "Eurovision" mahnı müsabiqəsinin rəhbərliyi Bakıda keçiriləcək yarışma üçün tikilməsi planlaşdırılan yerlə yanaşı, ehtiyat yerin seçilməsinin vacibliyini vurğulayıb. Sitse Bekker Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, bununla yanaşı ehtiyat kimi "B variantı" da lazımdır: “Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, ehtiyat variant kimi alternativ yer olmalıdır".
   
   "Eurovision 2012" üçün informasiya köşkləri
   
   Azərbaycanın kompyuter avadanlığı istehsalçısı olan “Kür” şirkəti "Eurovision 2012"-nin Təşkilat Komitəsinə Bakı şəhərinin ictimai yerlərində informasiya köşklərinin və internet köşklərin quraşdırılması ilə bağlı öz təkliflərini verib. Şirkətdən verilən məlumatda deyilir ki, bu, turistlərə internet köşklər vasitəsilə hər yerdə internet şəbəkəsindən, eləcə də informasiya köşkləri vasitəsilə elektron xidmətlərdən istifadə etməyə imkan verəcək.
   İnformasiya köşklərində istənilən sorğu baza məlumatları, elektron bələdçilər, xəritələr, keçidlərin sxemləri, nəqliyyatın cədvəlini quraşdırmaq, kommersiya reklamını və digər şeyləri yerləşdirmək olar.
   İnternet köşklər şəbəkəsinin qurulmasında Wi-Fi-dan istifadə nəzərdə tutulur. Yüksəksürətli internet xəttinə qoşulan qurğu arzu edənləri sürətli rabitə ilə təmin edəcək.
   
   Müsabiqəyə biletləri internetlə almaq mümkün olacaq
   
   Bu arada "CAT Brain Entertainment" şirkəti Bakı şəhərinin bütün mədəniyyət obyektlərinin kassalarını iticket.az elektron ticarət sisteminə qoşmağı planlaşdırır. Şirkətin direktoru Qüdrət Əliyevin sözlərinə görə, bu istiqamətdə işlər sentyabrda başa çatmalıdır, bundan sonra şirkətin planlarına "Eurovision-2012" müsabiqəsinə biletlərin onlayn satışı daxildir. Biletlər artıq noyabrda satılmağa başlaya bilər.
   Hazırda elektron ticarət sistemində şəxsi qeydiyyatla yanaşı, sistemin “Facebook”, “V kontakte", “Odnoklassniki", “Mail.Ru” kimi sosial şəbəkələrə inteqrasiyası üzrə işlər də başa çatıb: “Bu, sosial şəbəkələrdə qeydiyyatdan keçən istifadəçilərə biletləri bilavasitə bu şəbəkələrin internet resursları vasitəsilə almağa imkan verir. Ödəniş Visa International və Master Card beynəlxalq ödəniş sistemləri ilə edilir, ilin sonunadək isə ödənişi WebMoney və PayPal sistemləri ilə də etmək mümkün olacaq".