Prezident İlham Əliyev Siyəzən və Şabran rayonlarında yeni mədəniyyət obyektlərinin açılışında iştirak edib
   
   Azərbaycan Prezidenti İlham Əliyev avqustun 15-də Siyəzən və Şabran rayonlarına səfər etmişdir.
   
   Siyəzəndə Heydər Əliyev Mərkəzi
   
   İlk olaraq Siyəzən şəhərinə gələn dövlət başçısı burada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
   Açılışdan öncə prezident şəhərin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Heydər Əliyev prospektində yerləşən park 2010-cu ildə istifadəyə verilmişdir. Parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
   Dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışını bildirən lenti kəsdi. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Qeyd olundu ki, tikintisinə 2008-ci ildə başlanılan mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkda orijinal layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 600 kvadratmetrdir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən 12 fotoguşə yaradılmışdır. Birinci mərtəbədə xarici dil dərnəyi, konfrans zalı, xidməti otaqlar fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün Azərbaycan ədəbiyyatını və zəngin tariximizi dərindən öyrənmək üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində müxtəlif xarici dillərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən nəşrlərə geniş yer verilmişdir. Mərkəzin ikinci mərtəbəsində rəsm, xalçaçılıq dərnəkləri fəaliyyət göstərəcək. Burada virtual sinif otağı da yaradılmışdır. Mərkəzin qonaqları virtual sinif otağının imkanlarından istifadə etməklə Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.
   Prezident Siyəzən şəhərinin yeni giriş hissəsi, Bayraq meydanı və Gənclər mərkəzinin eskiz layihəsini əks etdirən stendlərə də baxdı, tövsiyə və tapşırıqlarını verdi.
   
   “Siyəzən rayonunun turizm imkanlarından geniş istifadə etməliyik”
   
   Heydər Əliyev Mərkəzilə tanışlıqdan sonra prezident Siyəzən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparıldığını qeyd edən prezident ölkəmizin iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdə olduğunu vurğuladı, bu inkişafın bölgələrin timsalında da özünü göstərdiyini qeyd etdi: “Bütün bölgələrdə canlanma, inkişaf var, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılıb. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcək”.
   Qeyd olundu ki, rayonda elektrik enerjisi və qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Bütün kəndlərə qaz xətləri çəkilir. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir. Sosial infrastruktur yenilənir.
   Dövlət başçısı rayonda turizmin inkişafı ilə bağlı fikirlərini də bildirdi: “Siyəzən rayonunun turizm imkanlarından da daha geniş şəkildə istifadə etməliyik. Bu rayonun özünəməxsus zəngin turizm potensialı vardır. Böyük dəniz zolağı, eyni zamanda, gözəl hava, dağlar. Azərbaycanda indi, demək olar ki, turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, hotellər, istirahət zonaları, parklar yaradılır. Biz bu istiqamətdə də, əlbəttə ki, özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq hamınız yaxşı bilirsiniz ki, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə, hər bir yerdə, hər bir rayonda, ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır”.   

   Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışı
   
   Sonra prezident İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir. Son bir neçə ildə Siyəzəndə çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni binası da bu sırada xüsusi yer tutur. 1990-cı ildə siyəzənli uşaqların istifadəsinə verilən məktəb incəsənətin müxtəlif növləri üzrə beynəlxalq müsabiqələrin bir çox qalib və mükafatçılarını yetişdirmişdir. Əvvəllər başqa ünvanda yerləşən və baxımsız vəziyyətdə olan incəsənət ocağı indi yeni məkana köçmüşdür.
   Məktəbin foyesindəki stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur. Burada həmçinin ölkəmizin müxtəlif bölgələrində istifadəyə verilən yeni uşaq gənclər mərkəzlərinin açılışlarından fotoşəkillər də yer almışdır.
   Dövlət başçısına məlumat verildi ki, tikinti zamanı məktəbin həyəti abadlaşdırılmış, 4,8 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmışdır. Ən müasir tələblər səviyyəsində tikilmiş məktəbdə nəzəriyyə, xalq çalğı alətləri və fortepiano şöbələri fəaliyyət göstərir. Bundan başqa, 18 sinif otağı, festivalların, müsabiqələrin və konsertlərin keçirilməsi üçün zal və yeməkxana da vardır. Məktəbdə muğam, tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, xor, təsviri incəsənət və rəssamlıq bölmələri fəaliyyət göstərir.
   Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi. Bildirildi ki, 52 müəllimin işlədiyi məktəbdə Siyəzən şəhərindən və ətraf kəndlərindən 247 uşaq müxtəlif bölmələrdə təhsil alır. Son illərdə məktəbin yetirmələri Rusiya, Belarus, Çexiya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və rəsm müsabiqələrinin laureatları olmuş və fəxri fərmanlara layiq görülmüşlər.
   Dövlətimizin başçısı məktəbin müəllimlərinə və şagirdlərə uğurlar arzuladı.
   Sonda xatirə şəkli çəkdirildi.
   
   Şabranda Heydər Əliyev Mərkəzinin açılışı
   
   Siyəzən rayonuna səfərini başa vuran ölkə başçısı Şabran rayonuna gəlmişdir. Prezident ümummilli lideri Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Dövlət başçısına abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi.
   Sonra prezident İlham Əliyev Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Şabran rayonunun inkişafı daim ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olmuşdur. Bu diqqət və qayğını rayonun ictimaiyyəti hər zaman ehtiramla yad edirlər. Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.
   Mərkəzdə foto-video studiyası, virtual sinif yaradılmışdır. Mərkəzin ikinci mərtəbəsində xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəz bütün zəruri avadanlıqla, o cümlədən yüksək sürətli internetlə, kompyuterlərlə təchiz edilmişdir. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
   
   Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq
   
   Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında da iştirak etmişdir.
   Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş, zəngin tarixə malik Şabran qədim yaşayış məskənlərimizdən biridir. Tədqiqatçılar burada hələ eramızın əvvəllərində yaşayış məskəni olduğunu müəyyən etmişlər. XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğramış və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxmışdır. Bu gün bu ərazidə yeni şəhər, yeni Şabran inkişaf edir və böyüyür. Amma qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox qatları, əfsanə və rəvayətlərlə dolu hadisələr qalmışdır. Onları öyrənib üzə çıxarmaq, həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq baxımından rayonda yaradılan tarix-diyarşünaslıq muzeyi mühüm əhəmiyyət daşıyır.
   Muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq doğuran çoxlu eksponatlar vardır. Ümumilikdə Şabran rayonunda 150-dək tarixi abidə qeydiyyatdadır ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məkan kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında maraqlı məlumatlar təqdim edilir.
   Muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer almışdır. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Dəvəçi rayonu ərazisindəki qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilmişdir. Ötən il isə bu qədim şəhərin və rayonun tarixi adı özünə qaytarılmışdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır.
   Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Şabran şəhəri 2011-ci ildə “Azərbaycanın əfsanələr paytaxtı” elan olunmuşdur.
   Dövlətimizin başçısı muzeyin girişində quraşdırılan fotostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən ümummilli liderin və dövlətimizin başçısının Şabran rayonuna səfərlərini əks etdirən fotoguşələr də vardır. Bundan başqa, muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər müharibəsinin şabranlı qəhrəmanları haqqında məlumatlar da yerləşdirilmişdir. Rayonun şəhidləri üçün isə ayrıca guşə yaradılmışdır.
   Prezident İlham Əliyevə məlumat verildi ki, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr vardır. Hazırda rayonda “Pirəbədil”, “Şahnəzərli”, “Zeyrə”, “Pirəbədil-Heyrəti”, “Hacı Qayıb”, “Yeni Çiçi” xalçaları toxunur.
   Prezident İlham Əliyev Şabranın ilkin orta əsrlər tarixini əks etdirən maketə baxdı. Qeyd edildi ki, Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olmuşdur. Burada qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur. Tarixçilər qeyd edirlər ki, qədim Şabranda yüksək səviyyədə istehsal sahələri olmuş və şəhərsalma prinsiplərinə əməl edilmişdir. O dövrdə məhz Şabran şəhərində məhək daşı istehsal edilmişdir. Məhək daşı ilə qədim dövrlərdə qızılın əyarı müəyyən olunurdu. Bir sözlə, arxeoloqların Şabran qoruğunda apardıqları qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayon Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir.
   Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verdi.
   
   Şabran Mədəniyyət Sarayının yeni siması göz oxşayır
   
   Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olmuşdur. Əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılmışdır. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilmişdir.
   Prezident İlham Əliyev sarayın foyesində yaradılan fotoguşələrlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə də yaradılmışdır. Bu fotolardan aydın görünür ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə daim böyük diqqət və qayğı ilə yanaşmış, onların yaradıcı imkanlarının daha da artırılması üçün mühüm işlər görmüşdür. Bu siyasəti Prezident İlham Əliyev də layiqincə davam etdirir. Bu gün mədəniyyət xadimləri ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşlar.
   Dövlət başçısı əvvəlcə Mədəniyyət Sarayının zalı ilə tanış oldu. Burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar yaradılmış, rejissor pultu quraşdırılmışdır.
   Yenidən qurulan Şabran Mədəniyyət Sarayı sənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi gözəllik verir. 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir akustika sistemi quraşdırılmışdır.
   Prezident İlham Əliyev Şabranın “Xınayaxdı” folklor kollektivinin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa etdi. Səhnədə xalqımızın qədim adət-ənənələrini əks etdirən nümunələr maraqla qarşılandı. Şabran Mədəniyyət Sarayının nəzdində “Xınayaxdı” folklor kollektivi ilə yanaşı, “Çıraqqala” zurnaçılar kollektivi və “Şabran” teatr studiyası da fəaliyyət göstərir. Bu kollektivlər rayonun mədəni həyatında fəal iştirak edirlər. Bundan başqa, onlar həm də respublika əhəmiyyətli tədbirlərdə və müxtəlif müsabiqələrdə Şabranı layiqincə təmsil etməyə çalışırlar. Sarayda yaradılan şərait bundan sonra həmin kollektivlərə daha yaxşı işləmək, yaradıcılıq imkanlarını genişləndirmək imkanı verəcəkdir.
   
   Mədəniyyət və istirahət parkı ilə tanışlıq
   
   Sonra ölkə başçısı Şabran şəhərindəki Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkına baş çəkdi. Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrəman Vətən övladlarından biridir. İgid partizan Məmmədağa Nəzirovun xatirəsi şabranlılar tərəfindən ehtiramla anılır. Parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
   Dövlət başçısı parkın yaxınlığında inşa edilən bulaq kompleksinə baxdı. Bildirildi ki, müasir üslubda inşa edilən bu kompleksdən şəhər əhalisi şollar suyu alır. Bu bulağın inşası həm də şəhər sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımlardan biridir.
   Prezident İlham Əliyev “Şabran ilkin orta əsrlərdə” adlı fotostendlə də tanış oldu. Respublikamızın digər bölgələri kimi, Şabran da qədim tarixi abidələri ilə tanınır. Rayon ərazisində ilkin orta əsrlərə aid çox sayda tarixi abidələr qorunub saxlanılır. Bölgənin bu cür abidələrlə zəngin olması bu gün müasir səviyyədə inkişaf edən Şabranın qədim tarixindən xəbər verir. Bu fakt həm də rayona əlavə turist axınının artmasına səbəb olan başlıca meyarlardan biri kimi səciyyələndirilir.    

   Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışı
   
   Prezident İlham Əliyev Şabran şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında da iştirak etmişdir. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən ikimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur.
   Mərkəzin kitab fondu ilə tanış olan prezidentə məlumat verildi ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanmışdır. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılmışdır. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaqdır. Vurğulandı ki, hazırda mərkəzin 2 minədək oxucusu vardır. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilmişdir. Mərkəzdə uşaqlar üçün “Nağıl otağı” yaradılmışdır.
   İkinci mərtəbədə informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilmişdir. Yardımçı fond da bu mərtəbədə yerləşir ki, burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır.
   Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılmışdır. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilmişdir. Dövri mətbuatın elektron kartotekası yaradılmışdır. Oxuculara onlayn xidmət göstərilir.
   Mərkəzin ətrafındakı parklar yenidən qurulmuş, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılmışdır.
   
   * * *
   Prezident İlham Əliyev Şabrana səfəri gedişində həmçinin Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmiş, rayonda 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olmuş, Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur.