Keçiören Bələdiyyəsinin rəqs qrupu Azərbaycan rəqslərini nümayiş etdirib
Ankaranın Keçiören Bələdiyyəsinin təşkil etdiyi III Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində “Azərbaycan gecəsi” adlı tədbir keçirilib. Qeyd edək ki, müqəddəs Ramazan ayının başlanması ilə start verilən şənliklər ayın sonunadək rəngarəng tədbirlərlə davam edəcək. Festivalın 12-ci günü Azərbaycana həsr olunub.
Ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan gecəsi”ndə Türkiyə Böyük Millət Məclisinin deputatları, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Gecənin açılışında Keçiören bələdiyyəsinin sədri Mustafa Ak qeyd edib ki, artıq bu festival çərçivəsində qardaş xalqların görüşməsi bir ənənəyə çevrilib. Ankaralıların müqəddəs Ramazan ayında Azərbaycan mədəniyyəti və incəsənəti nümunələrinə bir daha tamaşa etmələri çox əlamətdar hadisədir.
Gecənin digər iştirakçısı - Elazığ Harput Mədəniyyət Dərnəyinin sədri Süleyman Kıvrıkoğlu da qardaş Azərbaycanın və onun mədəniyyətinin onlar üçün əziz olduğunu söyləyib.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Ceyhun Zeynalov, Türkiyə-Azərbaycan Dərnəyi sədrinin müavini Ənvər Türkoğlu iki qardaş ölkə arasında əzəli və əbədi olan tarixi, siyasi, sosial və mədəni əlaqələrdən bəhs edib, bu qardaşlıq tellərinin daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə festivalın və gecənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Azərbaycan və Elazığ təmsilçilərinə Keçiören bələdiyyəsinin xatirə hədiyyələri təqdim edildikdən sonra incəsənət ustalarının ifasında milli rəqslərimiz və mahnılarımız ifa olunub. Keçiören Bələdiyyəsinin rəqs qrupu Azərbaycana xas müxtəlif rəqslər nümayiş etdirib.
Tədbir çərçivəsində həmçinin şənliklərin olduğu ərazidə “Azərbaycan evi” açılıb. Burada Azərbaycana aid tarixi, ədəbi, mədəni, iqtisadi əyani təbliğat materialları tədbir iştirakçılarına paylanıb, Azərbaycanı tanıdan videotəqdimat da nümayiş etdirilib.