Avqustun 15-də “İrəli” İctimai Birliyinin dəstəyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda Yaponiya Mədəniyyəti Günləri çərçivəsində yekun tədbir keçirilib.
Tədbiri “İrəli” İB-nin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı açaraq Yaponiyanın Azərbaycandakı səfirinin xanımı Atsuko Vatanabe tərəfindən iki həftə ərzində İctimai Birliyin 15 nəfər üzvünə yapon mədəniyyət nümunələrinin hazırlanmasına dair təlimlər keçirildiyini diqqətə çatdırıb.
Öz növbəsində xanım Atsuko Vatanabe Azərbaycan gənclərinin yapon mədəniyyətinə böyük maraq göstərmələrindən məmnunluğunu ifadə edib.
Azərbaycanlı gənclərin ikebana, yapon çay dəstgahı hazırlanmasında yüksək bacarıq nümayiş etdirdikləri qeyd olunub. Xanım Atsuko Vatanabenin fikrincə, belə təlimlər dost xalqlarımızın mədəni əlaqələrinin genişlənməsinə imkan yaradacaqdır.
Tədbirdə çıxış edən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov Yaponiyanın mədəni-siyasi tarixi haqqında ətraflı məlumat verib.
Tədbirdə azərbaycanlı gənclər Yaponiyanın dövlət himnini səsləndiriblər. “İrəli” Gənclik Mərkəzinin müxtəlif zallarında azərbaycanlı gənclərin hazırladıqları yapon üsullu çay dəstgahı, oriqami, ikebana, yapon mətbəxinin ən zəngin elementi olan suşi, şodou (xəttatlıq sənəti) nümunələri, yapon stolüstü teatrı nümayiş etdirilib.