Tədbirdə sənədli filmlərin nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub
   
   Avqustun 28-29-da Gürcüstanın Batumi şəhərində “Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” adlı konfrans və “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda dəyirmi masa keçiriləcək.
   
   Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, Gürcüstan azərbaycanlılarının diaspor qurumlarının, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub.
   “Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” mövzusunda konfransda ötən iyirmi il ərzində ölkəmizdə aparılan dövlət quruculuğu, siyasi, iqtisadi, sosial, mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlar və onların nəticəsi olaraq Azərbaycanın Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolunun güclənməsindən bəhs edən məruzələr dinlənəcək.
   “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” adlı dəyirmi masada iki ölkə arasında qarşılıqlı əməkdaşlıq mexanizmləri, Gürcüstanda azərbaycanlı icmasının yeri, Azərbaycan və gürcü xalqları arasında tarixi köklərə malik dostluq münasibətləri, Gürcüstanda müsəlman icmasının dini etiqad azadlığının təmin olunması sahəsində mövcud vəziyyət, azərbaycanlılara gürcü dilinin tədrisinin əhəmiyyəti və s. məsələlər diqqətə alınacaq.
   Konfrans və dəyirmi masa çərçivəsində “Müstəqilliyimiz əbədidir”, “Bir səfərin təəssüratı, yaxud sizi deyib gəlmişdik”, “Gücümüz birliyimizdədir” sənədli filmlərinin nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
   
   Mehparə