Avqustun 30-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Ramazan bayramı münasibətilə İçərişəhərdə yerləşən bütün muzeylərə, Qız Qalası və “Şirvanşahlar Sarayı Kompleksi”nə pulsuz giriş, habelə mədəni irsimiz, tarixi abidələrimizlə tanışlıq üçün pulsuz ekskursiyalar təşkil olunub.
   Bayram münasibətilə “İçərişəhər” tarixi muzeyi tərəfindən “Qədim şəhərdə bir gün” adlı tədbir keçirilib, 11 nömrəli xüsusi internat məktəbinin valideyn himayəsindən məhrum uşaqları üçün gəzinti təşkil olunub.
   Qız Qalası abidəsinin qarşısındakı meydanda isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəfəs alətləri orkestrinin ifasında konsert təqdim edilib. Konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin, rus və Avropa bəstəkarlarının əsərləri ifa olunub. Orkestrin bədii rəhbəri və dirijoru Bakı Musiqi Akademiyasının dosenti Yaşar Qarayusiflidir.