Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar süfrəsi təşkil edib
   
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar təşkil edib. Tədbir müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Rusiya Müftiləri Şurası tərəfindən qurulmuş Poklonnaya dağındakı Ramazan bayramı çadırında (“Şater Ramadana”) keçirilib.
   
   Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutan azərbaycanlı gənclərin, müxtəlif millətlərdən olan qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Müqəddəs Qurani-Kərimdən surə oxunub, dua edilib. Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxış edərək diplomatik nümayəndəlik adından müsəlmanları bayram münasibətilə təbrik edib və müqəddəs Ramazanın Azərbaycanda geniş qeyd olunduğunu bildirib.
   İftarda Azərbaycan haqqında film nümayiş etdirilib, bütün gecə boyu milli musiqi səsləndirilib. Çadırın önündə Azərbaycan rəssamlarının yaratdıqları əsərlərdən - Bakının görüntüləri və Azərbaycanın füsunkar təbiəti və tarixi abidələri təsvir edilmiş rəsmlərdən ibarət sərgi təşkil olunub. “Baku”, “AMOR”, “İrs” jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında nəşr olunmuş yeni çap məhsulu, ölkəmizdən bəhs edən multimedia diskləri və Azərbaycanın gözəl görüntülərini əks etdirən açıqcalar paylanıb.
   İftarı təşkil etmiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya xüsusi minnətdarlıq ifadə olunub.
   Qeyd etmək lazımdır ki, “Şater Ramadana” Rusiya Müftilər Şurasının mühüm layihəsidir. Bu layihə paytaxtın və Rusiyanın digər regionlarının sakinləri arasında dostluğu möhkəmləndirmək, İslam dininə etiqad edən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədi ilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi artıq üçüncü ildir ki, bu layihədə fəal iştirak edir, möminlər üçün iftar təşkil edir.