Qədim tikililərin bərpa işləri ilə bağlı geniş təcrübə mübadiləsi aparılıb
   
   Avqustun 22-dən 28-dək Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin Abidələrin Mühafizəsi Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Nevitsk qəsrinin bazası əsasında beynəlxalq seminar keçirilib.
   
   MDB-nin doqquz ölkəsinin təmsil olunduğu seminarda Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun iki memarı - Çingiz Hüseynov və Sevil Əmiraslanova iştirak ediblər. Seminar iştirakçıları Ukraynanın Zakarpatye bölgəsində - Lvov, Mukaçevo, Ujqorod, Çinadieva, Xust, Nevitsk şəhər və qəsəbələrində memarlıq nümunələri, kilsə, qəsr və digər tikililərin tarixi və bərpa konsepsiyası ilə yaxından tanış olublar.
   Seminarda bərpa ilə bağlı mühazirələr, praktiki məşğələlər aparılıb. Seminar iştirakçısı S.Əmiraslanovanın sözlərinə görə, iş prosesindəki diskussiyalar memarlar üçün çox önəmli olub: “Seminar Nevitsk qəsrinin bazası əsasında aparılırdı. İştirakçılar qəsrin tarixinə və arxeoloji qazıntılar zamanı aşkar olunmuş faktlara əsasən qəsrin bərpasına dair təkliflərini eskiz şəklində təqdim edərək digər iştirakçılarla müzakirə edirdilər. Hər iştirakçı öz bərpa konsepsiyasını irəli sürürdü. Bizim təkliflər də maraqla qarşılandı və təşkilatçılar həmin təklifləri özlərində saxladılar. Onu da deyim ki, seminar zamanı biz abidələrin bərpası sahəsi üzrə çalışan mütəxəssislərlə - kimyaçı, arxeoloq və s. təcrübə mübadiləsi apardıq”.
   Seminarın digər iştirakçısı, memar Ç.Hüseynov isə layihənin çox maraqlı olduğunu bildirdi: “Seminar əlaqələrin qurulması baxımından da çox önəmlidir. İştirakçılar bir-birini tanıdı, müxtəlif layihələr barədə fikir mübadiləsi aparıldı. Nevitsk qəsrinin bərpa layihəsində bizim təkliflərdən də istifadə oluna bilər. Oradakı qəsrlər bizim qalalardan fərqlənir. Müxtəlif qədim tikililərlə, taxtadan inşa edilmiş kilsələrlə də tanış olduq”.
   “Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli da seminarın azərbaycanlı mütəxəssislər üçün faydalı olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, Azərbaycanda bərpa işlərində işlənilən materialların tədqiq olunması və onların bərpası laboratoriyası yaradılacaq: «Bizdə belə bir laboratoriya yoxdur. Ukraynadakı seminardan sonra məlum oldu ki, MDB-də ən yaxşı laboratoriya Kiyevdə imiş. Onlarla əlaqə yaradırıq. İstəyirik ki, bizim mütəxəssislər ora ezam olunsun. Mədəniyyət və Turizm Nazirliyinin də bu işə marağı var. Respublikada belə bir laboratoriya yaransa, bir çox üstünlüklərimiz olacaq. Laboratoriyada bərpa işlərində hansı materiallardan istifadə olunmalı olduğunu müəyyən edə bilərik. Bərpa-konservasiya işlərində materialların eroziyasının qarşısının alınması üçün hansı kimyəvi materiallardan istifadə olunması, materialların dayanıqlığını yoxlamaq üçün bu çox vacibdir”.
   T.Kərimli daha sonra Litvadan aldıqları məktub barədə məlumat verdi. Məktubda bu ölkənin mütəxəssislərinin Azərbaycanda birgə seminar keçirilməsi təklif olunur: “Vilnüs qoruğunun mütəxəssisləri təcrübə mübadiləsi aparmaq üçün oktyabr ayında Bakıya gəlmək istəyirlər. 2-3 günlük seminarda Azərbaycan və Litva mütəxəssisləri qarşılıqlı əlaqələri müzakirə edəcəklər”.
   T.Kərimli “Azərbərpa» tərəfindən görülən işlərdən də danışdı. Son bir ildə «Atəşgah» qoruğunun bərpası layihəsinin, Gəncədə «Şah Abbas» karvansarasının bərpa layihəsini hazırladıqlarını bildirdi. Qobustan Dövlət Tarix və Bədii Qoruğun inzibati binasının layihəsi hazırlanır, Şəkixanovların evinin layihəsi üzərində iş tamamlanmaq üzrədir. Həmçinin Füzuli rayonunun Babı kəndində XIII əsrə aid «Şeyx Babı» kompleksi üzərində də iş aparılır. Burada aparılan arxeoloji işlər zamanı yeni abidələr aşkarlanıb. Hazırda Qubanın Xınalıq kəndində qəza vəziyyətində olan evlərin dam örtüklərində bərpa işləri də aparılır.
   
   Gülər Nizamiqızı