Sentyabrın 12-də Parisdə, UNESCO qərargahında Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya nominasiyaların təqdim edilməsi prosesinin asanlaşdırılması məqsədilə açıq hökumətlərarası işçi qrupunun iclası başlanıb. Tədbirdə Azərbaycan tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova iştirak edir.
   Qeyd edək ki, Qeyri-maddi mədəni irs üzrə işçi qrupun təsis edilməsi Hökumətlərarası Komitənin 2010-cu ilin noyabrında Nayrobidə keçirilən iclasında qərara alınıb. Hökumətlərarası Komitə Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya nominasiyaların sayının artması, Katibliyin resurslarının məhdud olmasını nəzərə alaraq, nominasiya prosesinin təkmilləşdirilməsi üçün mümkün yeni qayda və tədbirlərin müzakirə edilməsi məqsədilə belə bir işçi qrupu yaradıb.