Sentyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
   
   Görüşdə ikitərəfli əməkdaşlıq, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi barədə danışıldı. Əbülfəs Qarayev dünyanın mədəniyyət və incəsənət mərkəzlərindən biri, eləcə də turistlər məkanı kimi tanınan Vyananın təcrübəsinin Azərbaycan tərəfi üçün əhəmiyyətini nəzərə çatdırdı. Qeyd olundu ki, Vyana şəhəri nümayəndə heyətinin səfəri III Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə eyni vaxta təsadüf edir: “Bu çox sevindiricidir, çünki Vyanada da dahi bəstəkarımızın əsərləri uğurla səhnəyə qoyulub”.
   Nazir muzey və kitabxana işi sahəsində əməkdaşlığın vacibliyini də vurğuladı. Vyana şəhərinin vitse-meri Renata Brauner mədəni sahədə mübadiləni intensivləşdirmək, Avstriya mədəniyyətini burada tanıtmaq, eyni zamanda Azərbaycan musiqisini, incəsənətini Avstriyada təbliğ etmək barədə danışdı. Vyanadakı muzeylərin, teatrların fəaliyyətindən söz açan qonaq bu sahəyə gənclərin marağını gücləndirmək istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini bildirdi.
   Görüşdən sonra jurnalistlərə qısa müsahibə verən qonaq Bakıya iş adamlarının da yer aldığı böyük nümayəndə heyəti ilə gəldiklərini dedi: “Azərbaycan və Avstriya, Bakı ilə Vyananın oxşar cəhətləri çoxdur. Bakı və Vyana inkişaf etməkdə olan şəhərlərdir. Hər iki şəhərin qarşısında oxşar tələblər var: nəqliyyat sisteminin təşkili, ekoloji məsələlərin həlli və s. Bu məsələlərdə Vyananın kifayət qədər təcrübəsi var və istərdik ki, bu təcrübəni Bakı ilə bölüşək. Turizm hər iki şəhərin həyatında önəmli rol oynayır. Bu sahədə də əməkdaşlıq etmək istərdik. Təklif etdik ki, musiqi və kino sahəsində festival və ya tədbirlər keçirək. Arzu edərdik ki, Bakıda Vyana opera balı keçirilsin. Azərbaycan zəngin ənənələrə malikdir və bu ənənələrin Avstriyada tanınmasını istərdik”.
   
   Reyhan