Dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təşkil olunan tədbirlərdən biri də sənətkarın ev-muzeyində gerçəkləşdi.
   
   Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq böyük bəstəkarın doğum gününün əsl musiqi təntənəsi kimi qeyd olunmasından danışdı: «Bu bayram ildən-ilə genişlənir. Azərbaycan xalqının tarixində, mədəniyyətində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin doğum günü hər bir vətəndaş üçün bayramdır».
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bayram münasibətilə musiqi xadimlərini təbrik edərək, Milli Musiqi Gününün önəmini vurğuladı. Qeyd olundu ki, Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi bayram edilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü olub. Ümummilli liderin hakimiyyətdə olduğu illərdə Üzeyir bəyin irsinin öyrənilməsinə, tədqiqinə, əsərlərinin səhnələşdirilməsinə və ekranlaşdırılmasına xüsusi diqqət yetirilib. 1975-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradılması da bu diqqətin bariz nümunəsidir. Ulu öndərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 90, 100, 110 illik yubileyləri böyük təntənə ilə keçirilib. Üzeyir bəyin irsinə diqqət bu gün də davam edir. Dahi bəstəkarın 125 illik yubileyi də prezident İlham Əliyevin imzaladığı sərəncamla geniş şəkildə qeyd olunub.
   Sevda Məmmədəliyeva onu da xatırlatdı ki, Şərqin ilk operasının - dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Leyli və Məcnun” əsərinin 100 illik yubileyi 2008-ci ildə UNESCO-da qeyd edildi, bu hadisə bir daha Azərbaycan musiqisinin böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Ü.Hacıbəylinin adını daşıyan beynəlxalq festivalların Azərbaycan musiqisinin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyən nazir müavini, bəstəkarın irsinin öyrənilməsi və təbliğində Heydər Əliyev Fondunun gördüyü misilsiz işləri yüksək qiymətləndirdi: “Üzeyir Hacıbəyli mürəkkəb və çətin həyat yolu keçib, zamanında bir çox qüvvələr ona təsir göstərməyə çalışıb. Buna baxmayaraq, o, daima yaradıcılığı ilə məşğul olaraq yolundan dönməmiş, milli musiqi tariximizi ölməz əsərləri ilə bəzəmişdir”.
   Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olundu. Konsertdə bəstəkarın əsərlərindən nümunələr - «Cəngi», «Arşın mal alan” operettasından «Əsgərin ariyası», «Gülçöhrənin ariyası», «Segah təsnifi» və s. səsləndirildi.
   
   Gülər