Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 126-cı ildönümü münasibətilə ölkəmizin mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də böyük musiqiçinin ev-muzeyində təşkil olunan «Üzeyir ömrü kitablarda» adlı sərgidir. Bəstəkarın həyat və yaradıcılığına, ömür salnaməsinə, əsərlərinə həsr edilmiş sərgi gələn qonaqların diqqətini cəlb edir. Sərgi kitablar altı vitrində nümayiş olunur.
   
   I vitrində Üzeyir bəyin öz əsərləri nümayiş etdirilir. Sərgini Nazim Əliverdibəyovun redaktorluğu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun nəşri olan «Üzeyir Hacıbəyov. Əsərləri» toplusu açır. Burada Mirabbas Aslanovun tərtibi, Mirzə İbrahimovun redaktorluğu ilə 1985-ci ildə çap edilmiş Üzeyir Hacıbəylinin «Seçilmiş əsərləri», klassik Azərbaycan ədəbiyyatı silsiləsindən bəstəkarın 2005-ci ildə çap olunmuş «Seçilmiş əsərləri» yer alıb. Üzeyir bəyin 125 illiyinə həsr edilmiş iki hissəli «Nəşrlərdə kənara qoyulmuş mətbu əsərlər», 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap edilmiş «Bayrağımız sarsılmaz» kitablarını da göstərmək olar. Bəstəkarın 20 il üzərində işlədiyi «Azərbaycan xalq musiqisinin əsasları» fundamental kitabı da sərgidə nümayiş olunur.
   II vitrinə bəstəkarın həyat və yaradıcılığını əks etdirən rus dilində kitablar daxildir. Burada Üzeyir bəyin birinci bioqrafı Xurşud Ağayevanın 1955-ci ildə nəşr olunan «Üzeyir Hacıbəyov», Qubad Qasımovun «Üzeyir Hacıbəyov», Moskva və Leninqradda çap olunmuş «Üzeyir Hacıbəyov» adlı kitabları da nümayiş olunur. Fotomateriallarla zəngin olan «Üzeyir Hacıbəyov ensiklopediyası» da sərginin ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Onu da qeyd edək ki, dahi bəstəkarımızın ensiklopediyası isə Azərbaycanda yaranan ilk şəxsiyyət ensiklopediyasıdır. Ensiklopediya 1996-cı ildə Azərbaycan dilində (kiril əlifbası ilə), daha sonra 2003-cü ildə rus dilində nəşr edilib.
   Sonuncu ensiklopediya isə 2008-ci ildə UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işıq üzü görüb. Qeyd edək ki, bu kitab «Üzeyir dünyası» layihəsinə daxildir. Heydər Əliyev Fondunun «Üzeyir dünyası» layihəsi üzrə 7 kitab nəşr edilib. Bunlar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «O olmasın, bu olsun», «Arşın mal alan», «Koroğlu» əsərlərinin klavirləri, «Bədii və publisistik əsərləri», onun «Ömür salnaməsi» və «Üzeyir Hacıbəyli ensiklopediyası»dır.
   Sərginin III və IV vitrinlərində bəstəkarın publisistikasına, jurnalistikasına, ictimai-siyasi və pedaqoji görüşlərinə həsr edilmiş, bəstəkarın yaradıcılığında nəzəri və estetik problemləri əks etdirən kitablar nümayiş edilir. Burada Qulam Məmmədli tərəfindən tərtib edilmiş «Üzeyir Hacıbəyov (1885-1948) həyat və yaradıcılıq salnaməsi» kitabı özünəməxsus yer tutur. Bundan əlavə, Üzeyir bəyin komediyaları və onların əsasında çəkilmiş filmlər haqqında, bəstəkarın sənətkarlığı haqqında kitablar nümayiş etdirilir.
   V vitrində Üzeyir bəyin həyat və yaradıcılığı haqqında xarici dillərdə yazılmış kitablar düzülüb. Vitrində bəstəkarın yubileylərinə (100, 120) təsadüf edən monoqrafiyalar, Rəhim Rəisniyanın 1979-cu ildə Tehranda fars dilində nəşr edilmiş «Üzeyir Hacıbəyov və iki inqilab» kitabı yer alıb.
   Sərginin sonuncu vitrinini BMA-nın nəşri olan «Bəstəkar və zaman» kitabı açır. Bu məcmuədə Azərbaycan və rus dillərində Üzeyirşünaslığa, bəstəkar yaradıcılığına, musiqi tarixinə, ifaçılıq problemlərinə aid məqalələr daxildir. Kitab dahi bəstəkarımızın «Leyli və Məcnun» operasının 100 illiyinə (2008) həsr olunub. Mustafa Çəmənlinin «Leyli və Məcnun 100 il səhnədə» kitabı da nümayiş etdirilir.
   Sərgidə Azərbaycanın görkəmli şəxsiyyətləri silsiləsindən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşri olan və bəstəkarın 125 illiyinə həsr olunmuş «Üzeyir Hacıbəyli biblioqrafiyası» kitabını da görmək olar.
   Bəstəkarın 125 illiyi ərəfəsində çap edilmiş kitablar arasında muzeyin də nəşrləri sərgidə təqdim olunur. Bunlar muzeyin direktoru Sərdar Fərəcovun «Bəstəkarın xatirəsinə ithaf» kitabı və muzeydə keçirilən elmi konfrans məruzəçilərinin toplusudur.
   
   Səbinə Hafizova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin elmi işçisi