Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin təhsil illərinə aid Sankt-Peterburqdan gətirilmiş qiymətli arxiv materiallarından ibarət sərgi ilk dəfə nümayiş etdirilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyə hədiyyə edilmiş Azərbaycan folklorunun səs yazıları toplanmış CD disklərin surətlərinin təqdimatı olub.
   Tədbirdə “O olmasın, bu olsun” musiqili komediyasının 100 illiyi ilə əlaqədar arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunub, bəstəkarın “Koroğlu operasından və “O olmasın, bu olsun” musiqili komediyasından ariyalar ifa edilib.