Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə müşavirə keçirildi
   
   Sentyabrın 26-da Bakı şəhər Qara Qarayev adına 8 saylı Onbirillik Musiqi Məktəbində respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2010/2011-ci tədris ilinin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktorları iştirak edirdilər.
   
   Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə rəhbərliyi tərəfindən mədəniyyət və incəsənətin inkişafına daim diqqət və qayğı göstərildiyini vurğuladı. Bu diqqət və qayğı uşaq musiqi və incəsənət məktəblərinə münasibətdə də özünü göstərir. “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”, “2009-2013-cü illər Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “2009-2013-cü illər üçün Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər buna bariz sübutdur.
   Qeyd olundu ki, hazırda respublikada Mədəniyyət və Turizm Nazirliyi sistemi üzrə 238 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Məktəblərdən 39-u Bakıda, 27-si Naxçıvan Muxtar Respublikasında, 172-si respublikanın şəhər və rayonlarındadır: “Bu məktəblərdə 71 min şagird təhsil alır, 16 min 500-dən çox müəllim çalışır. Məktəb direktorları, müəllimlər bu gənc insanların təhsili üçün məsuliyyət daşıyırlar. Biz ənənəvi olaraq hər ilin sentyabrında ötən tədris ilinin yekunlarını müzakirə edirik. 2010/2011-ci tədris ili bir sıra uğurlarla yadda qaldı. Musiqi məktəblərinin şagirdləri dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda, tədbirlərdə nailiyyətlər qazandılar. Biz bu istiqamətdə işlərimizi daha da təkmilləşdirməli, daima yaxşılaşdırmalıyıq. Məktəblərdə tədris prosesi və yaradıcı işin keyfiyyətini daha da artırmağa çalışırıq. Gördüyümüz işlərin başlıca məqsədi Azərbaycan incəsənətinin davamlı inkişafını təmin etməkdir”.
   Nazir Əbülfəs Qarayev uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üçün prioritet vəzifələr - məktəblərin modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, şagird hazırlığının keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verdi: “Məktəblərdə təhsilin məzmunca yenilənməsi təmin olunmalıdır. Əgər biz bu gün musiqi, incəsənət və rəssamlıq məktəblərinə yeni düşüncəni, dünyanın müasir inkişafını əks etdirən, ədəbi, bədii və yaradıcı proseslərə uyğunlaşdıra bilməsək, bir neçə ildən sonra bunun mənfi nəticələrini görə bilərik. Ona görə də yaradıcı təşəbbüslər qiymətləndirilməlidir”.
   Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev “Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə işinin vəziyyəti: 2010/2011-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Qeyd olundu ki, məktəblərdə tədris prosesi diqqət mərkəzində saxlanılır, hər il təhlillər aparılaraq müvafiq tədbirlər görülür. Ötən dövrdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən kurslar təşkil olunub, bölgələrdə xoreoqrafiya məktəbinin müəllimləri üçün ustad dərsləri keçirilib. Görülən işlərin nəticəsi olaraq bir sıra məktəblərin şagirdləri beynəlxalq tədbirlərdə uğurlar qazanıblar.
   Sonra Qara Qarayev adına 8 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Kamal Paşazadə, Ş.Ələkbərova adına 20 saylı Uşaq Musiqi Məktəbinin direktoru Sevda Məmmədova, Xan Şuşinski adına Ağdam Rayon Uşaq Musiqi Məktəbinin direktoru Rafiq Rüstəmov, Sumqayıt şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Elxan Məmmədov çıxış etdilər. Qeyd olundu ki, son illər musiqi məktəblərinin fəaliyyətinə diqqət artıb, məktəblərin maddi-texniki təchizatı yaxşılaşıb. Çıxış edənlər ötən tədris ilinin yekunlarına dair rəhbərlik etdikləri müəssisələrdə görülən işlərlə bağlı məlumat verdilər, fikir və təkliflərini səsləndirdilər.
   Müşavirədə respublikada bədii təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıda duran vəzifələrdən danışıldı. Qeyd olundu ki, uşaq və gənclərin müasir standartlara cavab verən təhsilə yiyələnmələri, istedadlı uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb, öz növbələrində tədris müəssisələri də işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.
   Müşavirəyə yekun vuran nazir Əbülfəs Qarayev səslənən təklif və təşəbbüslərə baxılacağını, uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi siyasətinin davam etdiriləcəyini bildirdi: “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti inkişaf edir. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə daim diqqət yetirilir. Musiqi məktəblərinin uğurları bu gün ictimaiyyəti qane edir. Amma biz əldə olunan nailiyyətlərlə kifayətlənməməli, Azərbaycan incəsənətinin daha da inkişafına nail olmalıyıq”.
   
   Ceyhun Zərbəliyev