Milli Kitabxananın direktoru Kərim Tahirov: “Tədbir ölkəmizdə kitab nəşri, yayımı və təbliğində əldə olunan uğurların nümayişi üçün əlamətdar fürsətdir”
   
   - Mədəniyyət və Turizm Nazirliyi tərəfindən belə mötəbər tədbirin təşkili həm kitabxanalar, həm nəşriyyatlar, həm də kitabsevərlər üçün böyük bayramdır.
   Milli Kitabxana olaraq biz də sərgi-yarmarkada iştiraka böyük önəm veririk. Əsas gözləntimiz isə insanların kitaba maraq səviyyəsini müəyyənləşdirməkdir. Əgər iki il əvvəl keçirilən ilk sərgiyə üç gün ərzində 35 mindən çox insan gəlmişdisə, bu il insanların axını daha çox olacaq. Biz bu dəfə Azərbaycanda insanların kitaba marağının hansı səviyyədə olduğunu daha yaxşı göstərə biləcəyik.
   Layihə sərgi-yarmarka olduğundan nəşriyyatlar daha çox aktivlik göstərməlidirlər. Bizim dünya miqyasına çıxa biləcək kitablar nəşr etdirməyə qadir nəşriyyatlarımız var. Onlar başqa ölkələrdən də sifarişlər alıb, kitablar çap etdirirlər. Hesab edirəm ki, nəşriyyatlar bu sahədə öz işlərini daha geniş və fəal təbliğ etməlidirlər.
   Həmçinin bizim kitabxanalarımız da nəşriyyatlarla tanış olub, məlumatlanacaqlar. Kitabxanalar komplektləşmə siyasətini müəyyənləşdirib, hansı nəşriyyatdan, hansı kitab almalı olduqlarını biləcəklər.