Regionların İnkişafı İctimai Birliyi sərgi-yarmarkada rəngarəng nəşrlərlə iştirak edəcək
   
   Bəşəriyyətin ən böyük kəşflərindən və maddi-mənəvi sərvətlərindən olan kitab, onun çapı və yayımı işi ilbəil inkişaf etməkdədir. Bu gün kitab həm də güclü təbliğat vasitəsidir. Ölkəmizdə kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini tanıdan, təbliğ edən nəşrləri ilə diqqətçəkən təşkilatlardan biri də Regionların İnkişafı İctimai Birliyidir.

2005-ci ildən fəaliyyət göstərən qurumun həyata keçirdiyi layihələr sırasında kitab nəşri xüsusi yer tutur. Ötən müddətdə təşkilatın nəşr etdirdiyi məzmunlu, yüksək poliqrafik keyfiyyət və estetik baxımdan zövq oxşayan bir çox kitablar oxucuların diqqətini çəkib. Bu nəşrlər mədəniyyətimizin və tariximizin bir çox səhifələrinə işıq tutur.
   İctimai Birliyin “Şəmkir şairləri”, «Şəmkir alimləri», «Gədəbəy şairləri», «Qazaxdadır» kitabları bu bölgələrin Azərbaycan ədəbiyyatına, elminə töhfə verən tanınmış insanlarına həsr olunub. «Hər kəs yüz il yaşamasa» kitabı Gədəbəy rayonunda yaşayan yaşı 100-ü ötmüş insanlar haqqında albom-kataloq şəklində nəşr olunub. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan kitabda Vətənimizin dilbər guşələrindən olan Gədəbəyin zəngin təbiəti haqqıında dolğun məlumatlar da əksini tapıb. «Hər kəs yüz il yaşamasa» nəşri («Kitab mədəniyyəti» nominasiyası üzrə), həmçinin filologiya elmləri namizədi, gözdən əlil Vərağa Almasovun «Peyğəmbər aşiqi - Füzuli» kitabı («Mənim universitetim» nominasiyası üzrə) MDB ölkələrinin 2006-2007-ci illərdə Moskvada keçirilən III və IV beynəlxalq kitab sərgisində I və II mükafatlara layiq görülüb.
   Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti hər zaman nəsillərə örnək olaraq qalacaqdır. İctimai Birliyin Şəmkir şəhər Heydər Əliyev Muzeyi ilə birgə layihə əsasında hazırlanmış «Mən fəxr edirəm ki, azərbaycanlıyam» kitabı ulu öndərin zəngin həyatı, dövlətçilik fəaliyyəti haqqında ensiklopedik topludur. Kitab bir neçə dəfə təkrar çap olunaraq, geniş oxucu kütləsinə, o cümlədən orta məktəb şagirdlərinə hədiyyə edilib.
   Birliyin kitabsevərlərə bəxş etdiyi nəşrlər arasında tarixi mövzuda kitablar xüsusi yer tutur. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə hazırlanmış «Azərbaycanın Xalq Cümhuriyyəti Böyük Britaniyanın arxiv sənədlərində» (ingilis və rus dillərində) və «Qarabağ xanlığı» (Azərbaycan, ingilis və rus dillərində), eləcə də Atamoğlan Məmmədlinin «Gəlmələr» kitabları nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim Şükürovun birgə hazırladıqları «Diplomatiya tarixi» kitabı da uzun əsrlər boyu xalqımızın apardığı mübarizənin, onun diplomatiyasının tarixi keçmişindən xəbər verir. Kitabın dörd hissədə çap olunması nəzərdə tutulur.
   Görkəmli yazıçı Mir Cəlalın seçilmiş əsərlərinin üçcildliyi, tanınmış diplomat Hafiz Paşayevin «Bir səfirin manifesti» (rus dilində), İlyas Tapdığın «Şeir sevən balalar», sənətşünaslıq doktoru İlham Rəhimlinin «Məram», Zəlimxan Yaqubun «Gəl», «Biz niyə sevməyək bir-birimizi?», Mariya Popovanın «Slavyankaya salam» (rus dilində) şeirlər kitabı, Taleh Həmidin dördcildliyi, Əhməd İsayevin «Gəncə və gəncəlilər» kitabları da birliyin çap məhsulları sırasındadır.
   Mədəniyyətimiz və incəsənətimizin təbliğinə həssaslıqla yanaşan qurum tərəfindən etnoqraf-alim Ayna Əliyevanın «Lahıc» kitabı (rus dilində), kolleksiyaçı Şəfəq Qurbanovanın «Mis» albom-kataloqu da nəşr edilib. Nəfis tərtibatlı çap məhsulları sırasında Nurdan Damlanın «365 gündə sevimli Peyğəmbərimlə» və ictimai birliyin əməkdaşlarının hazırladığı «Yadda saxla və əməl et» (Azərbaycan və rus dillərində) kitablarını da qeyd etmək gərəkdir. Uşaq və yeniyetmələr üçün İslam dininin tarixinin öyrənilməsində dəyərli vəsait olan kitablar görkəmli alim, akademik Vasim Məmmədəliyevin rəhbərliyi və iştirakı ilə hazırlanıb.
   Onu da qeyd edək ki, Regionların İnkişafı İctimai Birliyi 2009-cu ildə Bakıda keçirilən I Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirak edərək, fəxri diploma layiq görülüb. Təşkilat budəfəki sərgi-yarmarkada rəngarəng nəşrləri ilə iştirak edəcək.