Sentyabrın 29-da II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfrans keçirildi.
   
   Konfransı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov açaraq beynəlxalq kitab sərgi-yarmarkasının əhəmiyyətindən danışdı, bu kitab bayramının təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını ifadə etdi: “Azərbaycan 20 il ərzində çox böyük bir inkişaf yolu keçib. Bu dövrdə minlərlə yeni nəşr işıq üzü görüb. Belə tədbirlərin təşkilinin kitab sənətinin inkişafında xüsusi rolu var. Müasir dövr informasiya texnologiyaları əsri olsa da, biz kitabların təbliği işinə xüsusi önəm verməliyik. Kitablar əsas bilik mənbəyi kimi əhəmiyyətini itirmir”.
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında Azərbaycanda kitab nəşrinin tarixindən ətraflı söz açdı. Qeyd olundu ki, ölkəmizin müstəqilliyinin bərpasından sonra dövlət tərəfindən mədəniyyətin bütün sahələri kimi nəşriyyat və poliqrafiya sahəsinin inkişafı, kitab sənətinin geniş şəkildə təbliği baxımından da bir sıra tarixi işlər görülüb. Kitabxana fondlarının zənginləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının bu sahədə verdiyi sərəncamlarda kitab sənətinin təbliğinə xüsusi diqqət ayrılır”.
   Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin mövcud kitabxana şəbəkəsi, bu sahədə olan yeniliklər barədə də danışdı. O, bildirdi ki, bu gün respublikada bütün yaş dövrü üçün 1 milli, 75 şəhər mərkəzi kitabxanası və 3 mindən artıq kənd kitabxanası fəaliyyət göstərir. Nazirliyin kütləvi kitabxanalar fondunda 35,9 milyon nüsxə kitab və digər sənədlər toplanıb.
   Milli Məclisin üzvü Aqil Abbas da kitabların insan həyatındakı rolundan söz açdı. Ölkəmizdə elektron kitabxanaların sayının artdığına diqqət çəkən millət vəkili kitab mağazaların sayının artırılmasını, bölgələrdə sərgi-yarmarkaların təşkilinin zəruri olduğunu bildirdi.
   Konfrans çərçivəsində “Müstəqillik dövrünün nəşrləri” adı altında təşkil olunan sərgiyə baxış keçirildi.
   
   Ceyhun