II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yaşanan qələbəlik tədbirə böyük marağın olduğunu göstərir. Tədbirin ilk günü Əl Oyunları İdman Sarayına yüzlərlə kitabsevər gəlmişdi. Onların bəzilərinin fikirlərini öyrəndik.
   
   Şamo Orucov (kitabxana işçisi): - Suraxanı Rayon Mərkəzləşmiş Kitabxana Sistemində çalışıram. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunan ilk yarmarkada da iştirak etmişəm. Budəfəki yarmarkada təqdim olunan kitabların, habelə iştirakçı nəşriyyatların sayı daha çoxdur. Xarici ölkə ədəbiyyatlarının tərcüməsi xeyli artıb. Sərgi-yarmarkada qiymətlər də münasibdir. Belə tədbirlərin ənənəvi olmasını arzu edirəm.
   Səmayə Məmmədova (müəllimə): - Sərgi-yarmarkada qiymətlərin daha münasib olmasını istərdim. Xüsusən tələbələr üçün qiymətlər bir o qədər münasib deyil. Bəlkə də nəfis tərtibatla çap olunur deyə kitablar baha satılır. Sevindirici haldır ki, bəzi nəşriyyatlar kitablarını oxuculara hədiyyə edirlər. İki kitabı da mənə hədiyyə veriblər.
   Ziya Qaçaxanlı (tələbə): - Turizm İnstitutunun tələbəsiyəm. Yarmarkada ixtisasımla əlaqəli kitablar aldım. Kitablar ucuz olsa, daha çox kitab alardım. Bəzi kitabları isə mənə hədiyyə verdilər. Açığı, Azərbaycanda bu qədər nəşriyyatın olduğunu bilmirdim.
   Toğrul Həsənov (şagird): - Bura dostumla gəlmişəm. Detektiv janrında iki kitab almışam. Birini də hədiyyə verdilər. Qiymətlər pis deyil. Əcnəbi müəlliflərin əsərlərinin Azərbaycan dilində daha çox çap olunmasını istərdim.
   
   Ceyhun