Təəssüratlar, rəylər
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 25-dək ölkədən nəşriyyatlar, kitabxanalar təmsil olunur. Onların bir neçəsi ilə həmsöhbət olduq. Qonaqlar tədbirin yüksək səviyyədə təşkilindən söz açaraq zəngin təəssüratlarını bölüşdülər.
Gürcüstan Beynəlxalq Kitabxanasının təmsilçisi Suiri Koaçlaşvili Bakıda keçirilən sərgi-yarmarkada ilk dəfədir ki, iştirak edir: “Öncə onu qeyd edim ki, Bakı ilə tanışlıq bizdə çox xoş təəssürat yaratdı. Gürcüstan Milli Kitabxanasından gətirdiyimiz 50 kitabı Azərbaycan Milli Kitabxanasına hədiyyə etdik. Biz qonşu ölkələrik və tarixən münasibətlərimiz yüksək səviyyədə olub. Kitab sərgiləri, kitab mübadiləsi bir-birimizi daha yaxından tanımağa və yaxınlaşmağa imkan verir».
Makedoniya Milli Kitabxanasının departament rəhbəri Zorica Spirovska isə bu fikirdədir ki, kitab sərgiləri əlaqələrin genişləndirilməsi baxımından mühüm fürsətdir: «Əlbəttə mədəni əlaqələrdə kitab mübadiləsi gözəl haldır. Amma biz daha geniş əlaqələr qurmaq üçün imkanlara malikik. Sərgiyə gəlincə, tədbirin yüksək səviyyədə təşkilindən razıyıq. Biz öz kitablarımızdan Azərbaycan kitabxanalarına hədiyyə etdik. Milli Kitabxanada olduq və onu çox bəyəndik. Kitabxana böyük imkanlara malikdir. Sərgidə Makedoniya ədəbiyyatından nümunələri nümayiş etdiririk. Bundan başqa ölkəmizin turizm imkanları və öz kitabxanamızla bağlı informasiyaların yer aldığı kitabçalar da stenddə yer alıb. İnsanlar da kitablarımıza maraq göstərir. Bu bir daha göstərir ki, xalqları bir-birinə kitabla da yaxınlaşdırmaq mümkündür”.
Özbəkistanın «Şark Ziyokori» Kitab Mərkəzinin direktor müavini Ümid Xalıkov Azərbaycanda belə möhtəşəm sərginin keçirilməsinə sevindiyini dilə gətirdi: «Ölkəmiz ikinci dəfədir ki, Bakıdakı kitab bayramında təmsil olunur. Amma şəxsən mən birinci dəfədir ki, buraya gəlmişəm. Sərgidə öz kitablarımızla yanaşı Azərbaycan müəlliflərinin özbək dilinə tərcümə olunmuş 4 kitabını da nümayiş etdiririk. Bunlar M.Füzulinin, S.Rüstəmxanlının əsərləri, Azərbaycan xalq nağıllarıdır. Biz Özbəkistanın ən böyük kitab ticarəti mərkəziyik. Bu baxımdan əminliklə deyə bilərəm ki, özbək dilinə tərcümə olunmuş bu nəşrlərə geniş oxucu tələbatı var. Hesab edirəm ki, kitablarımızın qarşılıqlı tərcüməsi sahəsində əlaqələrimiz genişlənə bilər. Məsələn, prezident İslam Kərimovun «Yüksək mənəviyyat, yenilməz güc» əsəri Azərbaycan dilinə tərcümə edilib və bunun özü dostluq əlaqələrimizə daha bir nümunədir. Bu sərgi kitabın təbliği, qarşılıqlı əlaqələrin inkişafı baxımdan böyük hadisədir. Burada çoxlu maraqlı və yüksək poliqrafiya keyfiyyəti olan kitablar görürük. Təcrübə mübadiləsi, fikirlərimizin paylaşmaq baxımından geniş imkanlar var”.
Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintura Mukane ikinci dəfədir ki, Bakıda kitab sərgi-yarmarkasında iştirak edir: «Sərgi gözəl təşkil olunub. Azərbaycan kitablarının poliqrafiyası çox xoşuma gəlir. İkinci dəfə sərgiyə dəvət olunduğumuza görə Azərbaycan hökumətinə minnətdarıq. Belə tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edir. Sərgidə maraqlı nəşrlərlə təmsil olunuruq. Məsələn, latış dilinə tərcümə olunmuş iki «Quran» kitabı gətirmişik. Onları Milli Kitabxanaya hədiyyə edəcəyik. Bundan başqa Latviya tarixi, mədəniyyəti haqqında kitablar, foto-albom gətirmişik. Bu nəşrlərlə oxucular Latviya ilə tanış ola biləcəklər”.
Pakistan stendində də maraqlı kitablar nümayiş etdirilir. Pakistanın ölkəmizdəki səfirliyinin əməkdaşı Muammad Akhtarın sözlərinə görə, sərgi böyük mədəniyyət hadisəsidir: «Sərgiyə Pakistanın tarixi haqqında kitablar, bədii ədəbiyyat gətirmişik. Ümumiyyətlə, bu sahədə ölkələrimiz arasında əlaqələrin inkişafı üçün kitabların tərcüməsinə ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyinə bizi sərgiyə dəvət etdiyinə görə minnətdarlığımızı bildiririk».
Sərgidə geniş oxucu marağı doğuran Amerika səfirliyinin stendində ingilis və Azərbaycan dillərində çoxlu kitablar nümayiş etdirilir. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aydan Əsgərova bildirdi ki, səfirliyin “Kitab tərcüməsi” layihə çərçivəsində Amerika müəlliflərinin kitabları Azərbaycan dilində nəşr edilir və pulsuz paylanır: «Kitabların əksəriyyəti Amerikanın tarixinə aiddir. Layihənin digər istiqaməti uşaq ədəbiyyatıdır. Gələn il isə məşhur Amerika uşaq ədəbiyyatı müəlliflərinin əsərlərini Azərbaycan dilinə tərcümə edəcəyik. Sərgi müddətində hər gün 1000 kitab gətirməyi planlaşdırırıq».
Rusiya Milli Kitabxanasının Milli ədəbiyyat bölməsinin rəhbəri Şuşanna Jabko da sərginin əhəmiyyətini yüksək dəyərləndirdi: «Sərgi gözəl təşkil olunub. Bu sərgi Azərbaycanın geniş mədəniyyət əlaqələrinin olduğunu göstərir. İlk gündən məndə gözəl təəssürat yaranıb. Xalqlar arasında mədəni əlaqələrin inkişafında kitab mübadiləsi çox zəruridir. Əsasən kitabxana tarixi ilə bağlı, müasir kitabxana xidməti, Şərq əlyazmaları ilə bağlı kitablar gətirmişik. Bakıya ilk dəfədir ki, gəlmişəm, şəhərin gözəlliyi məni heyran etdi».
Rumıniyanın Bakıdakı səfirliyinin ikinci katibi Aleksandru Sambeteanu isə bildirdi ki, sərgi Azərbaycanda mədəniyyətin inkişafına diqqət və qayğının göstəricisidir: “Sərgidə çoxlu sayda yerli və əcnəbi nəşriyyatların, həmçinin ziyarətçilərin iştirakı göstərir ki, kitab oxumağa, ümumiyyətlə, mədəniyyətə maraq günü-gündən inkişaf edir. Rumıniyanın Azərbaycandakı səfirliyi ümid edir ki, belə tədbirlər gələcəkdə də davam edəcək və xalqlar arasında mədəni dialoqun inkişafına əlavə zəmin olacaq”.
Mehparə Sultanova