Milli Kitabxanada dəyirmi masa
   
   Oktyabrın 4-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanda İran mədəniyyəti günləri çərçivəsində Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş dəyirmi masa keçirildi.
   
   «Nizami hikməti, Şəhriyar sözü» adlı dəyirmi masanı kitabxananın direktoru Kərim Tahirov açaraq iki böyük mütəfəkkir şair - Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından danışıb.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, akademik Vasim Məmmədəliyev, Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri Nuri XII əsrin dahi şairi Nizami Gəncəvinin və XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadıqları müstəsna roldan söz açıblar. Qeyd olunub ki, Azərbaycanda Nizami dühasına böyük ehtiram göstərildiyi kimi, Şəhriyar poeziyasına da yüksək qiymət verilir. Azərbaycan poeziyasının klassiki Nizami həm də böyük alim və mütəfəkkirdir. Onun yaradıcılığı dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsir göstərib. Ötən əsrdə yaşayıb-yaratmış Şəhriyarı Şərqdə yeni ədəbi məktəbin yaradıcısı, “XX əsrin Hafizi” və ən nüfuzlu şairi adlandırırlar. Onun Azərbaycan dilində yazdığı “Heydərbabaya salam” poeması təbiiliyi, xəlqiliyi və milli koloriti ilə dillər əzbərinə çevrilib.
   Sonda görüş iştirakçıları Nizami Gəncəvi haqqında sənədli filmə tamaşa ediblər.
   
   Gülər