Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə dövlət təltifinə layiq görülmüş şəxslərə orden, medal və fəxri adlar təqdim olundu
   
   Oktyabrın 5-də Muzey Mərkəzində Azərbaycan prezidentinin 2011-ci ildə imzaladığı sərəncamlarla mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş şəxslərə orden, medal və fəxri adların təqdim olunması mərasimi keçirildi.
  
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində Azərbaycanın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini, o cümlədən mədəniyyət sahəsində uğurlu nəticələr əldə olunduğunu qeyd etdi, qazanılmış nailiyyətlərdən danışdı.
   Qeyd olundu ki, mədəniyyətin inkişafı daima dövlətin diqqət mərkəzindədir, ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ümummilli lider mədəniyyət işçilərinə xüsusi diqqət göstərirdi. Xalqa xidməti ilə, fəaliyyəti ilə fərqlənən mədəniyyət və incəsənət işçiləri müxtəlif fəxri adlarla, medallarla təltif edilirdi. Həmin ənənə bu gün ölkə başçısı tərəfindən davam etdirilir. Mədəniyyət, incəsənət işçilərinin təltif olunması, mədəniyyət sahəsinin inkişafına dövlətin diqqəti bunun bariz nümunəsidir. Azərbaycanda hər sənət bayramı, əlamətdar günlər yaradıcı insanların yaddaşına həkk olunur. Çünki dövlət başçısı bu bayramların, əlamətdar günlərin heç birini unutmur, mədəniyyət sahəsində çalışanları təltif edir. Fəxri adlara layiq görülən yaradıcı insanlar da öz növbələrində dövlətin bu diqqət və qayğısının müqabilində Azərbaycan mədəniyyətinin təbliği, inkişafı yolunda daha səylə çalışır”.
   Azərbaycanın beynəlxalq musiqi festivallarına, mədəniyyət tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran Əbülfəs Qarayev bildirdi ki, bu günlər dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə müxtəlif ölkələrdə keçirilmiş silsilə tədbirlərdə bir daha milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz təbliğ olunur. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri xüsusi qeyd edən nazir son illərdə mədəniyyətimizin inkişafı və təbliği istiqamətində silsilə tədbirlərin davamlı şəkildə həyata keçirildiyini vurğuladı.
   Nazir fəxri adlara layiq görülən sənət adamlarını təbrik edərək onların bu yüksək diqqətə layiq olduqlarını dedi: ”Təltif olunanlar arasında tanınmış mədəniyyət işçiləri, dövlət qulluğunda fərqlənən insanlar, həyatını fədakarcasına muzey işinə, kitabxana işinə həsr edən insanlar var. Bu insanlar cəmiyyətdə tanınan, hörmət sahibi olan insanlardır. Onların hər birini təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram. İnanıram ki, onların əməyinə verilən qiymət gələcək fəaliyyətlərinə, yaradıcılıq prosesinə müsbət təsir göstərəcək”.
   Sonra nazir Əbülfəs Qarayev ölkə başçısının imzaladığı sərəncamlara əsasən təltif olunmuş şəxslərə orden, medal və fəxri mükafatları təqdim etdi.
   Xalq artisti, tanınmış müğənni Xuraman Qasımovaya “Şərəf” ordeni, Ağasəməd Səmədov, Zabit Nəbizadə “Xalq artisti”, Barat Alıyev, Elşad Bağırov, Rövşən Quliyev, Vaqif Gərayzadə, Ziya Şıxlinski, Aygün Səmədzadə və Böyükağa Məmmədova “Əməkdar incəsənət xadimi”, Rəşid Həsənova “Əməkdar rəssam”, 30 nəfər incəsənət ustasına “Əməkdar artist”, 13 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adları təqdim olundu.
   Təltif olunanlar arasında Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri də var (bax: fotolar). Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov, İşlər şöbəsinin müdiri Kamal Kazımov, Maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Natiq Abdullayev, nazirin köməkçisi Rafiq Bayramov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildilər. Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olundu.
   “Şərəf” ordeni ilə təltif olunmuş Xuraman Qasımova çıxışında dövlət tərəfindən sənətinə verilən qiymətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi: “Mən bundan sonra Azərbaycan vokal sənətinin inkişafı yolunda öz əməyimi əsirgəməyəcəyəm. Bilirsiniz ki, mən həm də pedaqoji fəaliyyətlə məşğul oluram. Tələbələrimiz əldə etdiyi uğurlarla ölkəmizi dünyada tanıdır, Azərbaycan mədəniyyətini təbliğ edir. Bütün bunlar məni çox sevindirir. Sevinirəm ki, Azərbaycanı bütün dünya tanıyır. Azərbaycanın inkişafını bütün dünya görür. Biz ölkə rəhbərliyinin siyasətini bəyənirik. Çünki Azərbaycan mədəniyyəti bu gün dünyada öz sözünü deyə bilir. Sənətimə, əməyimə verilən yüksək qiymətdən çox xoşbəxtəm. Azərbaycan xalqı qarşısında baş əyirəm və bu xalqın mədəniyyətinin inkişafı yolunda çalışdığım üçün qürur duyuram”.
   “Xalq artisti” adına layiq görülmüş Zabit Nəbizadə ölkə rəhbərliyi tərəfindən mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışdı. Son illər muğam sənətinin inkişafına xüsusi diqqət yetirildiyini vurğuladı: “Bütün bunların nəticəsidir ki, muğam sənətimiz dünya miqyasında tanınır, sevilir. “Xalq artisti” fəxri adı əməyimə verilən yüksək qiymətdir. Bunun üçün ölkə prezidentinə minnətdarlığımı bildirirəm”.
   “Əməkdar artist” fəxri adına layiq görülmüş müğənni Lalə Məmmədova da minnətdarlığını ifadə etdi: “Mən bir daha əmin oldum ki, insanın illərlə çəkdiyi əziyyət diqqətdən kənar qalmır. Bu ad mənə gələcək fəaliyyətim üçün stimul verir. Bu ad həm də insanın üzərinə əlavə məsuliyyət qoyur. İnanıram ki, bu ada layiq olan hər bir sənət adamı diqqətdən kənarda qalmayacaq”.
   Tədbirdə təltif olunan digər sənət adamları da ürək sözlərini söylədilər.  

 Ceyhun Zərbəliyev